Şrift:
18 Noyabr – Dünya Fəlsəfə Günüdür
18.11.2021 [10:37] - Gündəm, Mədəniyyət
Dünya Fəlsəfə Günü UNESCO-nun təşəbbüsü ilə 2002-ci ildə təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü kimi qeyd edilir.

UNESCO-nun saytına istinadla xəbər verir ki, Dünya Fəlsəfə Günü təfəkkürün, hər bir mədəniyyətin və hər bir insanın inkişafı üçün fəlsəfənin əhəmiyyətini vurğulayır. Fəlsəfə tənqidi və sərbəst düşüncəni təşviq etməklə dünyanın daha yaxşı dərk olunmasına, daha çox inklüziv cəmiyyətlər yaradılmasına, eyni zamanda, dözümlülüyün möhkəmləndirilməsinə və sülhə kömək edir.

Dünya Fəlsəfə Günü bu il də sağlamlıq, iqtisadi və sosial böhran kontekstində qeyd olunur. COVID-19 pandemiyası davam edir. Dünyanı qeyri-müəyyənlik və nizamsızlıq bürüyəndə insanlar fəlsəfəyə müraciət edir. Pandemiya dövründə konkret suallar yarandı: nə açıq və ya qapalı qalır, nə müalicə olunur və ya olunmur, vacib olan nədir və ya əksinə. Çox vaxt cavablar ölkələr arasında əhəmiyyətli dərəcədə fərqləri olan mədəni və sosial dəyərlər haqqında olur.

Bu əlamətdar gün münasibətilə “Fəlsəfə dünyada - ümumdünya fəlsəfə estafeti” qlobal onlayn tədbir böhran dövründə sülh və dayanıqlılıq üçün mədəniyyətlərarası fəlsəfə mövzusuna həsr ediləcək.

Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Azərbaycanın fəlsəfi fikir tarixində İslam dininin müddəaları xüsusi yer tutur. Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynayıblar.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed