Şrift:
Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiyada təhlükəsizlik problemlərinə dair kitab çap olunub
19.11.2021 [10:52] - Gündəm, Kitab evi
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri” kitabı çap olunub. Kitabın müəllifi Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayev, elmi redaktoru Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyevadır.

İnstitutdan bildirilib ki, monoqrafiyada Azərbaycan elmində və ədəbiyyatında Mərkəzi Asiya regionunda təhlükəsizlik problemləri ilk dəfə sistemləşdirilmiş şəkildə tədqiq edilib. Bu, regionun böyük geosiyasi və geostrateji əhəmiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya regionu və bu regionda olan müstəqil dövlətlər arasında münasibətlərin qurulması və inkişafı, belə inkişafın strategiyası və taktikası, bu prosesdə baş verən qanunauyğunluqların elmi cəhətdən müəyyən edilməsi və bunun nəticəsində müəyyən təkliflərin irəli sürülməsi Azərbaycan ictimai elminin qarşısında duran vəzifələrdən biridir. Həmçinin müasir Mərkəzi Asiya regionunda baş verən proseslərin elmi cəhətdən öyrənilməsi və tədqiqi əldə edilən nəticələrin Azərbaycan Respublikasının müvafiq orqanlarının (məsələn, diplomatik orqanların) və qurumların daha səmərəli praktiki fəaliyyət göstərməsi üçün istifadə oluna bilər.

Kitab giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarədir. Birinci fəsildə “Orta Asiya” və “Mərkəzi Asiya” anlayışları barədə məlumat verilir, müasir Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edilir. İkinci fəsildə müasir Mərkəzi Asiya ölkələrində təhlükəsizliyə qarşı təhdidlər və çağırışlardan bəhs edilir, onların təsnifatı verilir. Üçüncü fəsildə müasir Mərkəzi Asiyada təhlükəsizlik strategiyası nəzərdən keçirilir.

Monoqrafiya alimlər, tələbələr, müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri ilə məşğul olan mütəxəssislər, ekspertlər, politoloqlar və ümumiyyətlə, Mərkəzi Asiya regionu ilə maraqlananlar üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 298 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed