Şrift:
MDHP 10 yaşını qeyd etdi - YUBİLEY
24.12.2012 [15:00] - Siyasət, Özəl xəbər
Milli Dirçəliş Hərəkatı Partiyasının yaranmasının 10, partiyanın sədri, millət vəkili Fərəc Quliyevin anadan olmasının 50 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. “Xudafərin” şadlıq sarayında baş tutan yubiley mərasimində millət vəkilləri, siyasi partiyaların rəhbərləri və Fərəc Quliyevin əqqidə yoldaşları iştirak edib. Əvvəlcə Fərəc Quliyevin 50 illik həyat fəaliyyətiini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Fərəc Quliyevin Milli Azadlıq Hərəkatında fəaliyyəti, döyüş yolu, rəhbəri olduğu Milli Dirçəliş Hərəkatı Partiyasının həyata keçirdiyi tədbirlər, eləcə də yubilyarın qanunverici orqandakı çıxışları, keçirdyi görüşlərdən bəhs olunur. Mərasimdə çıxış edən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Fərəc Quliyevin şərəfli bir yol keçdiyini deyib. Bildirib ki, gənc yaşlarından Milli Azadlıq Hərəkatına qoşulan Fərəc Quliyev sərhəd hərəkatının təşkilatçısı və ideoloqlarından biri olub. Bu yolda üzləşdiyi çətinlik və məhrumiyyətlərə baxmayaraq Fərəc Quliyevin bir addın belə geri addım atmadığını, daim mübarizə ruhu ilə yaşadığını diqqətə çatdırıb. Böyük Quruluş Partiyasının sədri Fərəc Quliyevin millət vəkili kimi də aktiv fəaliyyət göstərdiyini, keçirdiyi beynəlxalq əhəmiyyətli görüşlər və səfərlər zamanı Azərbaycanın ümummilli problemlərini daim diqqət mərkəzinə çəkdiyini vurğulayıb. Fazil Mustafa yubliyara bundan sonrakı siyasi və ictimai fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Elxan Süleymanov çıxışında Fərəc Quliyevin parlamentdəki fəaliyyətinə toxunub. Xüsusilə, yubliyarın Evronest Parlament Assambleyasındakı fəaliyyətini təqdir edən Elxan Süleymanov deyib ki, Fərəc Quliyev sözügedən format çərçivəsində keçirilən bütün görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ön plana çəkir, Ermənistanın işğalçılıq siyasəti barədə Parlament Assambleyasını mütəmadi olaraq məlumatlandırır. Elxan Süleymanov Fərəc Quliyevin gözəl qələm sahibi olduğunu da söyləyib. Bildirib ki, Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin yazdığı bir çox kitablar özünə geniş oxucu kütləsi toplayıb.

Tərəqqi Partiyasının sədri Cingiz Dımiroğlu da Fərəc Quliyevin Milli Azadlıq Hərəkatındakı rolundan söhbət açıb. Gənc yaşlarında heç nədən çəkinmədən mübarizəyə qoşulan Fərəc Quliyevin bu gün də Azərbaycanın xoş gələcəyi, ölkəmizin üzləşdiyi problemlərin həlli istiqamətində aktiv fəaliyyət göstərdiyini qeyd edib. Partiya sədri deyib ki, Fərəc Quliyev bir müddət həbsxana həyatı yaşamasından asılı olmayaraq mübarizə meydanında sınmadı, daha əzmkar oldu. Onun sözlərinə görə, Fərəc Quliyevi sındırmaq üçün həbsxanaya atsalar da, bu baş tutmadı və daha mübariz oldu. Fərəc Quliyevin həbsxana həyatı zamanı bir neçə kitab yazdığını diqqətə çatdıran Çingiz Dəmiroğlu onun kitablarından birinin təqdimatının Fərəc Qulieyvin atası, mərhum İbrahim Quliyev tərəfindən keçirildiyini söyləyib. Partiya sədri Fərəc Quliyevə bundan sonrakı siyasi və yaradıcılıq həyatında uğurlar arzulayıb. Mərasimi nəğmələri ilə şənləndirən xalq artisti Flora Kərimova da Fərəc Quliyevin Milli Azadlıq Hərəkatındakı rolundan danışıb, onun mübariz bir insan olduğunu söyləyib. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev əmin olduğunu bildirib ki, Fərəc Quliyev qarşıdakı 50 ildə də fəaliyyətini Azərbaycanın problemlərinin həllinə yönəldəcək, təmsil olunduğu qanunverici orqanda bu istiqamətdəki aktivliyini sürətləndirəcək. Onun sözlərinə görə, Fərəc Quliyevin mübarizliyi, qorxmazlıq və əzmkarlığı belə deməyə əsas verir və Fərəc Quliyevdən başqa bir şey gözləmək də absurddur. Mərasimdə incəsənət ustalarının bir-birindən maraqlı ifaları səsləndirilib.

Süleyman İsmayılbəyli
Bu xəbər oxucular tərəfindən 1608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed