Şrift:
Türk professor: İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri gücünü bütün dünyaya göstərdi
22.11.2021 [11:46] - Xəbərlər, Siyasət
İstanbulda Azərbaycanın Vətən müharibəsində Zəfərinin birinci ildönümü və Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 38-ci ildönümü münasibətilə konfrans keçirilib.

Tədbir Türkiyənin Anadolu Aydınlar Ocağı tərəfindən təşkil olunub.

Konfransda "Qarabağın dünəni və bu günü", "Qarabağ, böyük Vətən Zəfəri", "Müharibənin hərbi taktikası", "Kipr Sülh Hərəkatı" kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Anadolu Aydınlar Ocağının rəhbəri professor İbrahim Öztek tədbirdə çıxış edərək Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərin türklərin son 200 ildə Asiyada əldə etdiyi ilk Qələbə olduğunu vurğulayıb.

Qarabağın tarixi barədə danışan professor əzəli Azərbaycan torpağı olan bu bölgənin coğrafi mövqeyi baxımından əsrlər boyu cəlbedici məkan olduğunu, məhz bu səbəbdən də çar Rusiyası tərəfindən bufer zona kimi Ermənistan Respublikasının yaradıldığını bildirib. Ötən dövrdə azərbaycanlıların Xocalı soyqırımı kimi bir çox qətliamlara məruz qaldığını xatırladan professor deyib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ermənilərə lazımi cavab verib.

İ.Öztek vurğulayıb ki, ötən ilin yayında ermənilərin Azərbaycanın Tovuz rayonuna hücumu, sözün əsl mənasında, bardağı daşıran son damla oldu. Ermənistanın bu və digər hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayan qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazandı. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri gücünü bütün dünyaya göstərdi. Hər zaman olduğu kimi, bu müharibədə də dünyada bənzəri olmayan Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha ən gözəl şəkildə büruzə verdi. Vətən müharibəsi tarixi Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılması ilə yanaşı, həm də Zəngəzur dəhlizinin açılması üçün imkanlar yaratdı.

"Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün türk milləti olaraq bu təcavüzkar siyasətə qarşı çıxdıq, haqq səsimizi dünyaya çatdırmaq üçün əlimizdən gələni əsirgəmədik”, - deyə professor fikirlərini yekunlaşdırıb.

Sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed