Şrift:
Fərəc Quliyev:Peskovun dediklərində həqiqətlər var
23.11.2021 [09:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Turan və türklər haqda dediyi sözlər ciddi müzakirələr səbəb olub və əsasən müsbət qarşılanıb. Bununla o mesaj verir ki, Rusiya yaranmaqda və möhkəmlənməkdə olan türk birliyinə isti baxır.

Bu, doğrudanmı belədir, yoxsa sadəcə, sözdə bu cürdür?

Əsasını Azərbaycanla Türkiyənin qoyduğu Türk Dövlətləri Təşkilatının (birliyinin), Turanın yaranması, möhkəmlənməsi Rusiyanı əsla narahat etmir. Hətta Peskov deyir ki, türklərin əcdadları bizim buralardan - Altaylardan köçüb gediblər, bunu unutmaq olmaz.

Qeyd edək ki, bu mövzu Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Türk dünyasının əhatə etdiyi coğrafiyanın xəritəsini hədiyyə etməsindən sonra başlayıb. Ermənilər bu xəritə vasitəsilə Rusiyanı qızışdırmaq, Türkiyə ilə arasını vurmaq istəyirdi. Lakin Peskov dedi ki, o xəritədə hətta əskiklik var. Türklər üçün müqəddəs yer Altaydır, o da orada əks edilməlidir.

Sitat: “Tərəfdaşlarımızın Türk Birliyi yaratmaq ideyası tamamilə normaldır. Yeganə təəssüf doğuran məqam odur ki, xəritədə Türk dünyasının mərkəzində böyük qırmızı ulduz təsvir edilməyib. Türk dünyasının mərkəzi Türkiyədə deyil, məhz Rusiya ərazisi olan Altayda yerləşir. Bu, bütün türklər üçün müqəddəs yerdir. Çünki türklərin kökü həmin əraziyə bağlıdır. Bunu mən sizə bir türkoloq kimi deyirəm”.

Fərəc Quliyev: “Altaylar rusların deyil, “bizim buralardan” deyə bilməzlər”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin məsələyə yanaşması da maraqlıdır: “Peskovun dediklərində həqiqətlər var. Amma 1-2 fikir var ki, ona xüsusi münasibət bildirmək istəyirəm. Peskov bildirir ki, türklər buralardan, bizim Altaylardan gediblər. O Altaylar rusların deyil. Bizim buralardan deyə bilməzlər. İkinci ifadəsi isə xəritənin ortasında böyük bir ulduz çəkmək məsələsidir. O da çoxdan planda olan Avrasiya Birliyində təmsil olunmağa bir mesajdır. Burada təbii ki, aparıcı dövlət olaraq Rusiya nəzərdə tutulur. Bizim qurduğumuz birlik isə fərqlidir. Orada əsas iddia qoyulub ki, dil məsələsi mühümdür. Altay-Ural qrupuna aid olan dil əsas götürülür. Təbii ki, burada müşahidəçi qismində başqa dövlətlər də nəzərdə tutulacaq. Xüsusilə Macarıstanın burada hətta üzv olması belə mümkündür. Onlar Hun türkləridir. İndi də Hungary yazılır, biz, sadəcə, Macarıstan deyirik. Onlar özlərini belə tanıyırlar. Peskovun fikirlərində türk birliyinin yaradılması normaldır kimi fikirlər var. Hər bir dövlət başqa dövlətlərlə birlik yarada bilər. Əgər bu, qonşuları təhdid etmirsə, əksinə, bir bazadırsa, bölgədə və bəşəriyyətdə təhlükəsizlik mexanizmi üçün bir alətdirsə, bunu hər kəs təqdir etməlidir. Bəzən bunu “Türk NATO-su” adlandırırlar. Amma bu, böyük anlamda olan bir birlikdir. Burada hərbi, siyasi, iqtisadi və başqa təhlükəsizlik də nəzərdə tutulur. Birlikdən təkcə üzv dövlətlər faydalanmırlar. İşin məğzində duran odur ki, maraqlı olan bütün dövlətlər bundan faydalansınlar. Çindən Avropaya qədər hər kəs bundan faydalanacaq. Peskovun dediklərində o da işarə olunur ki, böyük birlik deyilən yerdə mərkəz buralardır. Onlar bu birliyin gələcəyini görürlər. Açığı, burada təmsil olunmaqda da maraqlıdırlar. Çünki bilirlər ki, burada çox ciddi perspektivlər var. Əslində Rusiyanın özünün də yaxın gələcəkdə nə vəziyyətdə olacağı sual altındadır. Bu gün Rusiya çətir görünməsinə baxmayaraq, gələcəkdə özünün də bir çətirə ehtiyacı var. Hamı ilə düşmənçilik edib. Kiminlə bir yerdə olmaq imkanları da məhduddur. Gələcəkdə bu imperiya dağılandan sonra kiçik bir Rusiyanın sığınacaq yeri kimi Türk birliyini görür. Türkiyə ilə indiki münasibətlər, gələcəkdə həmin birlikdə təmsil olunmaq barədə üstüörtülü mesajlar çox şeyə işarədir. Uzun illər dediyimiz bir məsələ sonda həyata keçdi ki, Avropa evində yer axtarmadıq. Çünki bilirdik ki, həmin ev yunan-roma fəlsəfəsinə söykənir. İllərlə Türkiyə növbədə durdu. Amma Xristian klubu onu birliyə buraxmadı. Digər tərəfdən, illərdir ki, beynəlxalq birliklərin Türkiyə, Azərbaycan və digər cümhuriyyətlərə münasibəti ortadadır. 30 il bizi süründürdülər. Bir kəlmə bizim haqqımızda ədalətli mövqedən çıxış etmədilər. İstər KTMT, istərsə də NATO olsun, indi yaratdığımız Türk evi qədər bizi qane edə bilməz. Biz bundan kifayət qədər məmnunuq. Birlik inkişaf etdiriləcək. Buradakı dövlətlər öz istək və məramlarını həyata keçirəcəklər, ortaq gələcəklərini quracaqlar. Ən mühümü odur ki, başqalarından fərqli olaraq, bu, kiməsə qarşı bir blok deyil. Biz NATO və KTMT-nin fəlsəfəsinin nə olduğunu yaxşı bilirik. Amma yaradılan Türk Dövlətləri Birliyi dinc bir qurumdur. Bir sözlə, dinc bir bazardır. Bir-iki iradından başqa Peskovun yanaşmaları əslində çox şeyin cavabıdır. Çətin dönəmində çətir axtarmağa indidən başladıqlarını demək olar. Düşünürəm ki, ünvanı da çox doğru tapıb. Ruslar artıq xarici siyasətlərində redaktələr etməlidirlər. Qonşularına münasibətlərini dəyişməlidirlər. Pyotrun vəsiyyətlərini-filan kənara qoymalıdırlar. Yəqin ki, Peskov bu məsələləri Putinlə məsləhətləşir. Bizimlə dostluq münasibətləri qurmalıdırlar. Bu münasibətlər də iddiasız əsaslarla olmalıdır. Türk Dövlətləri Təşkilatı da kimsə onunla dostluq münasibəti saxlayacaqsa, qarşılıq verəcək".

Həmin müsahibənin səs yazısını təqdim edirik:

AÇILMAZSA TIKLAYIN




Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 255 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed