Şrift:
Şanlı Zəfərimizin ildönümü münasibətilə Türkiyənin İzmir vilayətində xatirə meşəsi salınıb
23.11.2021 [10:59] - Gündəm, İqtisadiyyat
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin ildönümü münasibətilə “SOCAR Turkey Enerji A.Ş.”(STEAŞ) tərəfindən Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda xatirə meşəsi salınıb.

"Azərbaycan, Qarabağ xatirə meşəsi" Azərbaycanın müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Bu məqsədlə keçirilən mərasimdə çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdə ölkəmizin yanında olan və müstəqilliyini tanıyan ilk ölkə Türkiyə oldu. Qırx dörd günlük Vətən müharibəsində də istər xalqı, istər başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla dövləti ilə bu haqlı savaşda Türkiyə yanımızda oldu və biz Zəfər qazandıq, Qarabağımızı qaytardıq. Xatirə meşəsində əkilən tinglərin Vətənimiz uğrunda canından keçən oğullarımızın xatirəsinin yaşadılması üçün əkildiyini deyən Z.Qəhrəmanov Azərbaycanla-Türkiyə arasındakı tarixi bağın heç bir vaxt qırılmayacağını vurğulayıb.

İzmirin meşələr üzrə bölgə müdiri Zafer Derince daima Azərbaycanın yanında olmaq və müstəqilliyi uğrunda canından keçən oğullarımızın xatirəsinin yaşadılması üçün yaradılan bu meşənin təxminən 467 hektar ərazidə salındığını, bu kampaniyanın davamı olaraq ərazidə ümumilikdə müxtəlif növ 170 min ağacın əkiləcəyini deyib.

Aliağa Bələdiyyəsinin sədri Serkan Acar və Aliağa kaymakamı Ömer Karaman Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra Vətən müharibəsinədək keçdiyi yol və ermənilər tərəfindən xalqımıza qarşı törədilən cinayətlər haqqında danışıb, bu tarixi Qələbə münasibətilə bütün türk dünyasını təbrik ediblər.

Sonra iştirakçılar tərəfindən 20 min ting əkilib.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed