Şrift:
70 il əvvəl Qrenlandiyadakı valideynlərindən alınan inuit əsilli 6 şəxs hökumətdən təzminat tələb edir
24.11.2021 [10:21] - Gündəm, Hüquq
Danimarkalılar tərəfindən 70 il əvvəl Qrenlandiyada valideynlərindən alınan 6 inuit əsilli şəxs hökumətdən təzminat tələb edir.

Danimarka 1951-ci ildə keçmiş müstəmləkəsi olan Qrenlandiyadakı inuit xalqının ailələrindən azyaşlı 22 uşağı onlara daha yaxşı həyat və Danimarkada təhsil alaraq, vətənlərinə qayıdıb yerli elitaya çevrilmək vədi ilə götürüb. Səlahiyyətlilərin vədlərinə baxmayaraq, Qrenlandiyaya qayıtdıqdan sonra bu yeniyetmələr valideynlərinin sağ olmasına baxmayaraq, uşaq evlərinə yerləşdirilib.

Baş verənlərin nəticəsində qayıdanların çoxu ailələri ilə əlaqəni tamamilə itirib.

Bu gün bütün bu çətinlikləri yaşamış 22 nəfərdən sağ qalan altısının yaşları 70-dən yuxarıdır lakin, buna baxmayaraq, onlar Danimarka Baş nazirinə məktub ünvanlayaraq, hər birinə 33 min avro təzminat tələb ediblər.

Məktubda qeyd olunur ki, Danimarka hakimiyyətinin atdığı addımlar nəticəsində onlar, Qrenlandiyanı tərk etdikdən sonra ailələrindən və mədəniyyətlərindən məhrum edilib.

Baş verənlərə Danimarka hakimiyyəti də müvafiq qiymət verib. Keçən ilin dekabrında Krallığın Baş naziri Mette Frederiksen qurbanlardan rəsmi üzr istəsə də, onlara təzminat verilməsi məsələsi hələ ki, təsdiqini tapmayıb.

Qeyd edək ki, Qrenlandiya 1953-cü ilə qədər Danimarka müstəmləkəsi olub, indi isə Krallığın tərkibində muxtar ərazi kimi tanınır.
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed