Şrift:
Lerikdə Vətən müharibəsinin şəhidi Əliqismət Yaqublunun xatirəsinə bulaq-abidə kompleksi tikilib
25.11.2021 [09:59] - Xəbərlər, Sosial
Lerik şəhərində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Yaqublu Əliqismət Mükafat oğlunun adını əbədiləşdirmək üçün tikilmiş bulaq-abidə kompleksi istifadəyə verilib.

Bulaq-abidə kompleksinin açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və şəhər sakinləri iştirak ediblər.

Mərasimdə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları bulaq-abidə kompleksinin önünə əklillər və gül dəstələri düzərək şəhid Əliqismət Yaqublunun xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə şəhidin həyat və döyüş yolu, onun Aprel döyüşlərində və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları barədə məlumat verilib.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid baş leytenant Əliqismət Yaqublunun qəhrəmanlıqlarından danışıblar.

Qeyd olunub ki, ölkəmizdə, o cümlədən Lerik rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilir.

Birinci Qarabağ və Vətən müharibəsində Lerik rayonunun qəhrəman oğulları da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirərək yüksək dövlət orden və medallarla təltif ediliblər.

Şəhid Əliqismət Yaqublunun atası Mükafat Yaqubov, onun müəllimləri, sinif yoldaşları və ictimaiyyətin nümayəndələri ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər, rayon mədəniyyət mərkəzinin musiqi kollektivi tərəfindən isə vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa olunub.
Bu xəbər oxucular tərəfindən 96 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed