Şrift:
Təbrizdə avtomobil zavodunun işçiləri yenidən tətil aksiyasına başlayıb
25.11.2021 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İranxodro” şirkətlər qrupuna daxil olan Təbriz avtomobil zavodunun işçiləri istəklərinin yerinə yetirilmədiyi və hüquqlarının bərpa olunmadığı üçün bu ay ikinci dəfə olaraq tətil aksiyasına əl atıblar.

noyabrın 24-ü axşam saatlarından başlayan aksiyada etirazçılar zavod binasına toplaşaraq "ləyaqətsiz müdiriyyət istəmirik" kimi şüarlar səsləndiriblər.

Etirazçı işçilər zavod rəhbərliyi və başqa ilgili qurumların onların istəklərinə önəm verməmələrindən narazılıqlarını bildirib və bundan sonra zavod ərazisində aksiyalarını gecə-gündüz davam etdirəcəklərini söyləyiblər.

Bundan öncə aksiyaya əl atan işçilər şirkətlər qrupuna daxil olan Tehran şöbəsində verilən əmək haqlarının daha yüksək olduğunu bildirib, maaşların artırılmasını tələb ediblər.

Təbrizli işçilər bununla yanaşı iş təsnifatının olmamasına, ağır iş şəraitinə etiraz ediblər. Aksiyada eyni zamanda gecikdirilmiş əmək haqlarının ödənilməsi tələb edilib.

İşçilər bundan başqa əmək müqavilələrinin 3 aydan bir yenilənməsini istəyib. Onları narazı salan həmçinin iş yerlərində əmək təhlükəsizliyinin təmin olunmamasıdır.

Qeyd edək ki, cari günəş ilində “İranxodro” şirkətlər qrupuna məxsus avtomobil zavodunun Təbriz bölməsinin işçiləri qeyd olunan problemlərlə bağlı dəfələrlə etiraz aksiyası keçirib.

Şirkət rəhbərliyinin problemin həll olunmasında maraqlı olmadığını bildirən işçilər çıxış yolunu davamlı və uzun müddətli aksiyalarda gördüklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1027 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed