Şrift:
Təbriz Şəhər Şurasının başçısı hökuməti azərbaycanlılara qarşı ayrı-seçkilikdə günahlandırdı
30.11.2021 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rəsul Bərgi İran hökumətinin eyni tələblərlə keçirilən aksiyalara fərqli yonlərdən yanaşdığını deyib və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

“Urmu gölünün qurudulmasına etiraz edən azərbaycanlı etirazçılara "iğtişaşçı", Zayəndərud çayının qurudulmasına etiraz edən isfahanlı etirazçılara isə "əkinçi" deyirlər.

İran Daxili İşlər Nazirliyi bütün ölkəyə aiddir, ancaq biz Urmu gölünün qurudulmasına etiraz etdikdə bizə "iğtişaşçı" damğası vururlar, isfahanlı etirazçılara isə "əkinçi" deyir və problemlərinin həllinə 3 trilyon tümən pul ayırırlar”-deyə, Bərgi belə yanaşmanın anlaşılan olmadığını söyləyib.

Rəsmi Tehranın Təbrizə baxışının hər zaman təhlükəsizlik yönümlü olduğunu deyən R.Bərgi bu yanaşma tərzinin azərbaycanlılara həmişə çətinliklər törətdiyini bildirib.

R.Bərgi Təbriz Şəhər Şurasının İdman Təşkilatının yaradılması ilə bağlı qərarın rədd edilməsini də qınayıb.

"Necə olur ki, Fars əyaləti İdman Təşkilatının yaradılmasını dəstəkləyir, Daxili İşlər Nazirliyi də bunu təsdiq edir, ancaq bizim belə bir səlahiyyətimiz olmur?"-deyə, Şəhər Şurasının başçısı Fərmandarın nümayəndəsinə sual ünvanlayıb.

Təbrizdə idmanının acınacaqlı durumundan da danışan Təbriz Şəhər Şurasının sədri bir vaxtlar Təbriz idmanının ölkədə məşhur olduğunu, indi isə hökumətin diqqətsizliyi və ayrı-seçkilik siyasəti üzündən bununla bağlı heç bir tədbir görülmədiyini qeyd edib.

Qeyd edək ki, Güney azərbaycanlıların Urmu gölünün qurudulmasına qarşı etirazları zamanı İran hökuməti Azərbaycanın müxtəlif şəhərlərində bu etirazları zorakılıqla yatırıb və yüzlərlə ətraf mühit və mədəni fəalı həbs edərək uzun meddətli zindan, cərimə və qamçı cəzasına məhkum edib.

Bununla yanaşı İranın mərkəzi və farslar yaşayan əyalətlərində xüsusi səlahiyyətli İdman təşkilatlarının yaradılmasına icazə verildiyi halda eyni qurumların Azərbaycan bölgələrində təşkil olunmasına buna icazə verilmir.

Bir neçə həftə bundan öncə Şərqi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Əyyub Behcət mətbuata verdiyi müsahibədə Şərqi Azərbaycanda idman sahəsinin acınacaqlı durumda olduğunu bildirib.

O, hal-hazırda Təbriz kimi böyük bir şəhərdə yalnız 12 idman mərkəzinin fəaliyyət göstərdiyini və bunun əhalinin sayı ilə və başqa şəhərlərlə müqayisədə olduqca cüzi olduğunu qeyd edib.

Əyyub Behcət əyalətdə olan minlərlə kəndin yalnız 201-də idman evinin olduğuna diqqət çəkib, bunun utandırıcı olduğunu deyib.
Təbrizin Şəhər Şurasının üzvü Fridun Babayi Müqəddəm isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, hazırda Təbrizdə adam başına düşən idman sahəsi 16 santimetrdir.

“Qəbul edilmiş qaydalara əsasən Təbrizdə adam başına düşən idman sahəsinin ən azı 1.20 və 2 metr nəzərdə tutulduğu halda bunun 16 santimetr olması başa düşülən deyil”-deyə, Babayi Müqəddəm əlaqədar orqanlara irad bildirib.

Şəhər Şurasının başqa üzvü Pərviz Hadi deyib ki, son 4 ildə Təbrizdə idman sahəsi tamamilə məhv edilib.

Şəhər Şurasının üzvü Əlirza Nəvayi Bağban isə cari ildə Təbrizin idman sahəsinə yalnız 200 milyon tümən vəsait ayrıldığını, bunun öncəki illərdə nəzərdə tutulan 18 milyard tüməndən 90 dəfə az olduğunu söyləyib.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed