Şrift:
Bakıda gürcüstanlı rəssam Nino Kipşidzenin əsərlərindən ibarət sərgi açılıb
01.12.2021 [10:12] - Gündəm, Mədəniyyət
Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılış mərasimi olub.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir. Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş olunur.

Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq sərgi barədə öz fikirlərini bölüşüb. Bildirib ki, sərgidə nümayiş olunan əsərlər unikallığı ilə seçilir. “Rəssam əsərlərində gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır. Mən 2017-ci ildə Tbilisidə olarkən rəssamın emalatxanasında olmuşdum. Nino Kipşidzenin əsərləri məni valeh etmişdi və qərara gəldim ki, onun sərgisini ölkəmizdə təşkil edək”, - deyə Ş.Məlikova qeyd edib.

Sərginin açılışında iştirakdan məmnunluğunu ifadə edən Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze vurğulayıb ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə səbəb olur.

Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze sərginin əhəmiyyətindən söz açaraq rəssamın yaradıcılığının özünəməxsusluğundan danışıb.

Sonda Nino Kipşidze çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgi gələn il yanvarın 22-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed