Şrift:
Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayı ilk dəfə 5 mini ötüb
01.12.2021 [10:34] - Gündəm, Sağlıq
Cənubi Koreyada ötən sutka ərzində 5 min 123 nəfərin COVID-19 virusuna yoluxması aşkarlanıb. Bu, pandemiya dövründə sutkalıq yoluxma sayının ilk dəfə 5 mini ötməsi halıdır. Bundan əvvəlki sutkalıq ən yüksək göstərici isə (4 min 116) noyabrın 24-də qeydə alınıb.

Yoluxmaların əsas hissəsi yenə də paytaxt Seulda və ətrafındakı yaşayış məntəqələrində qeydə alınıb. Ağır xəstələrin sayı da rekord həddə çatıb. Hazırda xəstəxanalarda 723 ağır xəstə var. Paytaxt Seuldakı xəstəxanaların ağır xəstələr üçün nəzərdə tutulan çarpayılarının 91 faizi dolub. Ölkə üzrə bu göstərici isə 78,5 faizdir.

Cənubi Koreya hökuməti əvvəlcədən elan etdiyi kimi tam peyvənd olunanların sayı ölkə əhalisinin 70 faizinə çatdıqdan sonra noyabrın 1-dən karantin rejimini ilk mərhələdə yumşaldıb. Məhz yumşalmadan sonra sutkalıq yoluxma sayında davamlı artım qeydə alınır. Paralel olaraq ağır xəstələrin sayının çoxalması da səlahiyyətli qurumları narahat edir. Vəziyyətin ciddiliyini nəzərə alan hökumət dekabrın ortasına nəzərdə tutulan karantin rejiminin növbəti yumşaldılmasını təxirə salıb. Bundan başqa, daha təhlükəli qiymətləndirilən “omikron” ştamının dünyada yayılması da Cənubi Koreya hökumətini qabaqlayıcı tədbirlər görməyə vadar edib. Yeni ştamın ilk aşkarlandığı Cənubi Afrika Respublikasından başqa, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malavi vətəndaşlarının Cənubi Koreyaya girişi ilə yanaşı, bu dövlətlərin vətəndaşlarına viza rəsmiləşdirilməsinə hazırda məhdudiyyət tətbiq olunur. Çox vacib məqsədlər üçün ölkəyə girişinə icazə verilən şəxslər isə müəyyən edilmiş yerlərdə 10 gün məcburi karantinə cəlb olunacaq. Həmin şəxslər bu müddətdə 3 dəfə test verməlidirlər.

Qeyd edək ki, Cənubi Koreya hökuməti karantin rejiminin mərhələlərlə yumşaldılaraq, gələn il fevralın sonunadək normal həyatın bərpasına nail olmağı planlaşdırmışdı.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed