Şrift:
Litvanın Azərbaycandakı səfiri Gəncədə olub
02.12.2021 [10:08] - Xəbərlər, Siyasət
Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Litvanın “Cormack Consultancy Group”un direktor müavini Gintaras Steponaviciusla birlikdə Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində o, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə Azərbaycan-Litva münasibətləri, mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

Eqidius Navikas Gəncə şəhərinə ilk dəfədir ki, səfər etdiyini və burada olmaqdan məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi Litva ilə Azərbaycan arasında əlaqələrin regionlar səviyyəsində də inkişaf etdirilməsidir.

Litvanın təhsil, mədəni və iqtisadi vəziyyəti haqqında şəhər rəhbərinə məlumat verən Eqidius Navikas, səfər çərçivəsində burada fəaliyyət göstərən bir sıra sənaye və ali təhsil müəssiələrinə baş çəkmək niyyətində olduğunu da vurğulayıb.

Görüş zamanı Azərbaycan və Litva arasında əlaqələrin mövcud vəziyyəti, Gəncə ilə Litva şəhərləri arasında təhsil, mədəni, iqtisadi və aqrar sahədə əlaqələrin yaradılması istiqamətində görülə biləcək işlər, perspektivlər müzakirə olunub.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Sonra Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas Vətən müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Səfirə məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində, aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarixi-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Eqidius Navikas səfər çərçivəsində “Gəncə Şərab - 2” ASC-də və Azərbaycan Dövlət Aqrar Universitetində də olub.
Bu xəbər oxucular tərəfindən 209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed