Şrift:
Deputat: İşğalçı, terrorçu dövlət öz əməllərinin qanuni cəzasını almalıdır
02.12.2021 [10:13] - Xəbərlər, Siyasət
Düz bir il bundan öncə - dekabr ayının 1-də 30 il həsrətində qaldığımız Laçın işğaldan azad edildi. Beləliklə də, Ermənistanın işğal etdiyi torpaqlarımızın azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin zəfər yürüşü başa çatdı. Uzun illər boyu Azərbaycan Respublikasının siyasəti bu münaqişəni sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll etməyə yönəldilsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrə hörmətsizik nümayiş etdirərək və beynəlxalq miqyasdakı havadarlarına güvənərək torpaqlarımıza olan işğalçı iddialarından əl çəkmirdi. Azərbaycan xalqı, həmişə olduğu kimi, yalnız beynəlxalq qanunlara hörmət nümayiş etdirirdi və tarixi ədaləti bərpa etmək üçün yeganə çıxış yolundan istifadə edərək öz torpaqlarını azad etdi. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməsi Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində imzalanmış üçtərəfli bəyanatın mühüm bəndlərindən biri idi. Bu bəyanatın imzalanmasından əvvəl isə Azərbaycanın Silahlı Qüvvələrinin igid döyüşçüləri Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdilər.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva söyləyib.

Deputat deyib ki, bu tarixi Qələbəmizdən az sonra Prezident, Ali Baş Komandan İlham Əliyev bütün təhlükələrə baxmayaraq, azad edilmiş bölgələrimizə səfərlər etməyə, vəziyyətlə yerində tanış olmağa və müzəffər döyüşçülərimizlə, torpaqlarımızın keşiyini çəkən igidlərlə görüşməyə başladı. Belə tarixi və unudulmaz səfərlər Laçın bölgəsində də həyata keçirildi. Prezidentimiz fevralın 14-də Laçına ilk səfəri zamanı Azərbaycan bayrağını Güləbird kəndində ucaltmışdı. Laçına növbəti səfər isə avqustun 16-da baş tutmuşdu. Bu səfər çərçivəsində daha bir əlamətdar hadisə baş verdi - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qorçu kəndinin ərazisində mühüm strateji əhəmiyyətə malik olan Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportunun - Laçın hava limanının tikilməsi bu bölgənin həyatında mühüm sosial-iqtisadi və strateji əhəmiyyətə malikdir. Belə bir müasir hava nəqliyyatı işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin sürətlənməsinə təsir göstərəcək. Bu isə öz növbəsində, Laçının strateji əhəmiyyətini daha da artıracaq, logistik mərkəz yaradılmaqla bu ərazilərə gediş-gəliş asanlaşacaq və bunun da nəticəsində turizmin geniş inkişafına imkan yaranacaq.

Ancaq qeyd etmək lazımdır ki, bu ürəkaçan tədbirlərlə yanaşı, azad edilmiş bölgələrimizlə hər bir görüş ürək ağrıdan faktlarla da yaddaşlara köçürdü. Digər ərazilərimizdə olduğu kimi, mənfur düşmən Laçın rayonunda da bir çox toponimlərimizi dəyişdirərək və bu ərazilərə Suriyadan olan erməni əsilli qaçqınları yerləşdirməklə məqsədyönlü məskunlaşma siyasəti yürüdərək bölgənin demoqrafik tərkibini dəyişdirməyə, bu əraziləri erməniləşdirməyə cəhd göstərmiş, rayonda ekoloji terror törətmiş, təbii resurslarımızdan qazanc mənbəyi kimi istifadə etmək üçün amansızcasına qarət etmişdi. Qeyd etmək lazımdır ki, Ermənistan bu hərəkətləri ilə Cenevrə Konvensiyalarının öhdəliklərini kobud şəkildə pozsa da, bu günə kimi işğalçı dövlətin bu qeyri-qanuni addımları heç bir siyasi və hüquqi qiymətini almayıb.

Lakin Azərbaycan xalqı öz üzərinə düşən missiyanı yerinə yetirdi, tarixi ədaləti bərpa etdi. İndi isə növbə bütün dünyada özünü haqq və ədalət müdafiəçiləri kimi qələmə verən rəsmi qurumlarındır - işğalçı, terrorçu dövlət öz əməllərinin qanuni cəzasını almalıdır.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed