Şrift:
Fərəc Quliyev:Sülhməramlılar olmasa, ermənilər Xankəndidə qalmayacaq
02.12.2021 [10:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
2021-ci ilin doqquz ayı ərzində 103 min vətəndaş Ermənistanı tərk edib və bir daha qayıtmayıb.

Bununla bağlı “Sputnik Armenia” statistik rəqəmlərə istinadən məlumat verib.

Bu rəqəm 2017-ci ilin 9 ayı üçün 75 min, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min olub. Ermənistanı tərk edən vətəndaşlar yaşamaq üçün Rusiyaya, ABŞ-a və Yunanıstana gedirlər.

Son 44 günlük müharibədən sonra miqrasiya daha da sürətlənib. Məsələn, 2021-ci ilin fevralında Rusiya bir ay müddətinə Ermənistanla hava sərhədini açanda görünəmiş ajioataj yaranıb. 140-180 dollara satılan təyyarə biletlərinin qiyməti 620-830 dollara qalxıb. Hava limanları Rusiyaya köçmək istəyən insanlara aşıb-daşırdı. Ermənilər miqrasiya səbəbi kimi pis həyat tərzi, sabaha inamsızlıq və 44 günlük mühairbədə məğlubiyyətin gətirdiyi qorxunu göstəriblər.

Göründüyü kimi, ermənilər artıq çıxış yolunu ölkəni tərk etməkdə görür. 9 ay ərzində 103 min erməninin Ermənistanı tərk etməsi, ölkədəki mövcud durumun nə dərəcədə ağır olduğunu göstərir.

Məlumdur ki, hazırda Azərbaycan ərazilərində, xüsusilə də Xankəndində də ermənilər yaşayır. Onların bir çoxunun o ərazilərə məcburi köçürülməsi də heç kimə sirr deyil.

Ermənilərin hələ də Xankəndində qalmasının yeganə səbəbi isə Rusiya sülhməramlılarıdır. Görünən odur ki, sülhməramlılar bölgəni tərk edən kimi Xankəndidə yerləşdirilən ermənilər də qısa zamanı miqrasiya köçünə qoşulacaq və ərazini tərk edəcək.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev məsələ ilə bağlı Cebhe.info açıqlamasında deyib ki, indi ermənilər Xankəndidə qalmaq istəmir:

“2015-ci ilin rəsmi rəqəmlərinə görə təkcə Rusiyada olan ermənilərin sayı 14 min idi. Amma 2019-cu ildən sonrakı rəqəmlərə görə bu rəqəm 34 mini ötmüşdü. Bu hələ təkcə Rusiyaya gedən ermənilərin sayı idi, digər ölkələr daxil edilməmişdi. Rusiya sülhməramlıları adı altında Azərbaycanda olan hərbçilər nə qədər çalışsalar da, bu köçün qarşısını ala bilməzlər. Xankəndinə ermənilər ona görə gəlirlər ki, onlar üçün nəzərdə tutulan vəsaiti alsınlar.

Onu da alandan sonra çıxıb gedirlər. Azərbaycan tərəfindən də dəfələrlə bəyan olunub ki, Xankəndidə olan ermənilərin sayını dəqiqliyi ilə bilinir. Hazırda Xankəndidə 15 min civarında erməni var.

Son toplantıda Putin 54 min erməninin Xankəndinə köçürülməsi ilə bağlı danışırdı, amma faktiki olaraq rəqəm çox aşağıdır. Biz işlərimizi soyuqqanlı, ardıcıl gördükcə ermənilərin başqa çıxış yolu qalmır. Onların yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etmək, bütün qanunlarına tabe olmaqdır. Təklif etmişdik ki, Azərbaycan “ASAN xidmət”in və ya Dövlət Əmlak Komitəsinin səyyar maşınlarını Xankəndinə göndərməlidir və erməni əsilli vətəndaşlarımızın qeydiyyatı, sənədləşdirilməsi aparılmalıdır, əmlakları haqqında məlumat qeyd olunmalıdır”.

Partiya sədri əlavə edib ki, utopik erməniçilik ideologiyası məhv olduqdan sonra və gələcəyə heç bir ümidi qalmayandan sonra köçüb gedəcəklər:

“Ermənistanın artıq görüntü ətrinə səsləndirdikləri iddialar artıq yoxdur. Bunu ermənilər etiraf etmək məcburiyyətindədirlər. Sadəcə hazırkı Ermənistanın mövcudluğu məsələsi var ki, onun da yolu Azərbaycan və Türkiyənin diqtə etdiyi təklifləri qəbul etməkdən keçir. Əgər Ermənistan bunu etməyəcəksə, ermənilər ölkəni sürətlə tərk edəcək”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed