Şrift:
Tikintiyə icazələrlə bağlı “Bir pəncərə” elektron müraciət sisteminin tətbiqinin genişləndirilməsi müzakirə olunub
03.12.2021 [10:58] - Gündəm, İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazə əldə edilməsi mexanizminin sadələşdirilməsi, bu istiqamətdə səmərəliliyin və şəffaflığın artırılması məqsədini daşıyan “Bir pəncərə” elektron müraciət sisteminin ölkə ərazisində tətbiqinin genişləndirilməsi istiqamətində müxtəlif iqtisadi rayonlar üzrə maarifləndirici təlimlərin keçirilməsi davam edir.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Bir pəncərə” elektron sisteminin imkanlarını və portala əlavə edilmiş yenilikləri təqdim edən növbəti maarifləndirici onlayn tədbir Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi rayonlarının əhatə etdiyi 11 yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə baş tutub.

Görüş çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən icazələrin alınması prosesinin asanlaşdırılması məqsədilə Komitə tərəfindən yaradılmış “Bir pəncərə” elektron sisteminin fəaliyyətinin genişləşdirilməsi üzrə görülmüş işlər, gələcək hədəflər, bu işdə yerli icra orqanlarının məsuliyyəti barədə ətraflı məlumat verilib.

İcra hakimiyyəti nümayəndələri ilə yanaşı tikinti icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu tədbirdə “Bir pəncərə” elektron sisteminin yeni modullarının funksionallığına dair təqdimat nümayiş olunub, bu sahə üzrə son illər ərzində həyata keçirilən islahatlar, vətəndaşlar üçün yaranan yeni imkanlar müzakirə edilib.

Onlayn tədbir çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funksional bölməsi əyani formada göstərilib, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətinin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin tikintiyə və istismara icazələrin verilməsi sahəsində yerli icra hakimiyyəti orqanları tərəfindən qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dair cari vəziyyət, sistem vasitəsilə təqdim olunan sənədlərdə rast gəlinən xətalar və bunların aradan qaldırılması ilə bağlı Komitə tərəfindən qurum nümayəndələrinə müvafiq tövsiyələr verilib.

Qeyd olunub ki, Komitə tərəfindən tikintiyə və istismara icazələrin alınması prosesinin asanlaşdırılması, bu istiqamətdə şəffaflığın və vətəndaş məmnuniyyətinin artırılması məqsədini daşıyan “Bir pəncərə” elektron müraciət sistemi üzərində təkmilləşdirmə işləri davam edir və bununla əlaqədar digər iqtisadi rayonları da əhatə edəcək maarifləndirici təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, baş memarlar, memarlıq və tikinti şöbələrinin əməkdaşları iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed