Şrift:
Yaponiya saytı Yoko Hirosenin Azərbaycanın müstəqilliyi bərpa etməsinin 30-cu ildönümünə həsr olunan məqaləsini yayıb
06.12.2021 [10:02] - Xəbərlər, Siyasət
Yaponiyanın “ajmedia.jp” saytı Tokionun Keyo universitetinin professoru xanım Yoko Hirosenin Azərbaycanın müstəqilliyi bərpa etməsinin 30-cu ildönümünə həsr olunan böyük məqaləsini yayıb.

“Azərbaycan müstəqilliyi bərpa etməsinin 30-cu ildönümünü qeyd edir” adlı məqalədə yapon professor oxuculara gənc respublikanın qısa müddətdə keçdiyi möhtəşəm yol və əldə etdiyi böyük uğurlar barədə ətraflı məlumat verir. Bu respublikanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğu vurğulanır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi xalqımızın mühüm tarixi nailiyyəti kimi xüsusi qeyd edilir.

Müəllif Azərbaycanın son 30 ildə keçdiyi çətin, lakin şərəfli yola nəzər salaraq, həmin illərin xalqımızın həyatında mühüm rol oynadığını qeyd edir. Xüsusən birinci Qarabağ müharibəsinin Azərbaycanın inkişafına göstərdiyi mənfi təsir barədə ətraflı bəhs olunur. Bildirilir ki, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan bu müharibə nəticəsində Azərbaycan ərazilərinin 20 faizini işğal edib, bir milyon yaxın azərbaycanlı öz ata-baba yurdlarından didərgin düşüb. Münaqişə 1994-cü ildə atəşkəs haqda razılaşmanın əldə edilməsi ilə yekunlaşıb. Həmçinin, qeyd edir ki, bu müharibə Azərbaycan xalqının mübarizlik əzmini yüksəldib, zəngin neft və qaz yataqlarından bacarıqlı istifadə ölkə iqtisadiyyatını qüdrətləndirib, müasir və güclü dövlətin formalaşmasına şərait yaradıb. Sürətli inkişafa nazil olan Azərbaycan beynəlxalq aləmdə də nüfuzunu artırmağa nail olub.

Məqalədə 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da üçtərəfli razılaşmanın imzalanması ilə başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük uğura imza ataraq, işğal altında olan torpaqlarını azad etdiyi xüsusi qeyd edilib.

Müəllif qələbəyə aparan yolu araşdıraraq bunun ilkin şərti kimi sabit dövlətin formalaşmasını göstərir. Müstəqilliyin bərpasının ilk illərində ölkədə baş verən siyasi böhranın ağır nəticələri barədə ətraflı bəhs edir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində dövlət idarəçiliyində sabitliyin bərqərar edildiyini, stabil strateji inkişaf xəttinin müəyyənləşdirildiyini qeyd edir. 19194-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə iqtisadi inkişafın təmin olunduğunu vurğulayır. Müasir dünyanın enerji təminatında mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası barədə yapon oxucuları məlumatlandırır. Bu layihələrin davamı olan TAP və TANAP layihələrindən bəhs edir. Azərbaycanın öz iqtisadiyyatını şaxələndirmək üçün atdığı addımları diqqətə çatdırır, qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə yazır. Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı böyük bərpa və quruculuq işlərini qabardır.

Qələbənin əldə edilməsində həyata keçirilən balanslaşdırılmış diplomatiyanın xüsusi rolunu qeyd edən müəllif Azərbaycan hökumətinin həm qonşu ölkələrlə münasibətdə həyata keçirdiyi siyasətə, həm də beynəlxalq təşkilatlardakı fəaliyyətinə diqqət çəkir. Bildirir ki, bir sıra ölkələrdəki nüfuzlu erməni diasporunun cəhdlərinə baxmayaraq, Azərbaycan Qərb ölkələri ilə də balanslı siyasət yeritməyi bacarıb.

Müəllif həmin siyasətin tərkib hissəsi kimi, hazırda inşası davam edən Zəngəzur dəhlizindən və onun iqtisadi-siyasi əhəmiyyətindən də bəhs edir. Bu layihənin regional loqistikanın inkişafına və ətraf ölkələrin maraqlarına xidmət etdiyini bildirir. Nəticədə Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqələrinin yaranacağını qeyd edir.

Məqalənin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yola bir daha nəzər salan müəllif, bu yolun xalqımız üçün çox çətin olduğunu bir daha xatırladır. Lakin işğaldan azad edilən ərazilərin bərpasından sonra qaçqınların həmin torpaqlara qayıdacağını, bu yerlərdə həyatın yenidən bərpa olunacağını böyük ümidlə qeyd edir. Bildirir ki, müharibədən sonra aparılacaq bərpa və quruculuq işləri hazırda ölkə qarşısında duran əsas vəzifədir. Qeyd edir ki, bütün dünyanı ağuşuna alan koronavirus pandemiyasına baxmayaraq, böyük qələbənin ruhlandırdığı Azərbaycan xalqı bu vəzifənin də öhdəsindən gəlməyə qadirdir. Bu işdə Azərbaycanın digər dövlətlərlə, həmçinin Yaponiya ilə dostluq münasibətləri mühüm rol oynayacaqdır.

Məqaləyə son 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edən maraqlı fotolar da əlavə olunub.
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed