Şrift:
Bayati-Şiraz II HİSSƏ
01.11.2011 [05:09] - Mədəniyyət
Ey dili qafil fil faili məchul fani f...

Musiqinin gəlini


Getdikcə dünya insanının hansısa mədəniyyət içərisində sahib olduğu bilgilərin şifrələri açılmağa doğru gedir. Elmdə də qabarmalar, çəkilmələr, qapalılaşmalar, açılmalar baş verir. Əsrlər geçdikcə biz əsl elmə yaxınlaşırıq. Elmə yaxınlığımızı bizlər bilmədən, planlı şəkildə reallaşdıra bilmirik, həm insanlıq vasfı baxımından bu mümkün də deyil. Çünki insan zəkasının tutumu buna müsaid deyil, uyğun deyil. Məsələn, rəssamlıq, əslində, bir elmdir. Memarlıq, əslində, bir elmdir. Ancaq biz bu elmləri əzbərlənmiş variantda qəbul edirik. Hazır versiyalar insan zəkasının toxumalarında heç bir qığılcım oyatmadan əsl hədəfdən yayındırmaqla asan başa düşülən, gözün görüb, ağlın kəsdiyi arqumentlərə bizləri iştahlandırır.


Musiqinin gəlini adını qazanmış Bayatı- Şiraz, muğamın tərkibində gəlinlik missiyasını necə yerinə yetirir? Ağzı yaşmaqlı bu qəmli, kədərli, nisgilli gözəl gəlin anlayışı gedib də gəlməyən, dönməyən, ancaq dönəcəyini də insafsızlıqla bəyan edən ərə, gözləyən gəlinin gözlərini yollara dikib, nisgilini, kədərini gizlətməyən obraza gedib dayanır.
Dahi Üzeyir bəy də “Bayatı -Şirazı”n insanların varlığına dərd, ələm yükləyən muğam kimi təsnifatını verirdi. Dədə Qorqud dastanlarından Baybican bəyin qızı, Qazan xanın qadını Burla xatunun başından keçənlər Bayatı-Şiraz fəlsəfəsinin sözlü yaşantıları, etnik kimliyimizin sənət, mədəniyyət səltənətində açılımı sayıla bilər. Bamsı Beyrək evlənmə məqamında ikən gecə yatdığı yerdə xəyanətə qurban gedir. Düşmənlər tərəfindən əsir alınib 16 il sürgündə yaşayır. Düşmənə əsir aparılır. Elə əsir aparıldığı düşmən elində də düşmən gözəli ona vurulur. İstənilən millətə mənsubiyyəti olan qadın kişi üçün, özəlliklə, igid, qəhrəman, ərən üçün heç vaxt düşmən obrazı sayılmaz. Bu baxımdan iki nisgilli gözəllik misalı gəlin arasında qalmış bir obraz kimi “Bayatı - Şiraz” səs süjetinin dəruni, incə, başqa bir real dünya düzənində səsimizin, mənəviyyatımızın kodlarını açma imkanı əldə edir. Gözləri yollara dikilmiş bir gəlinin gözləmə nisgili muğam kontekstində, muğam düzeyində bir hadisənin, əhvalatın eposla göbəkkəsildiyi səs və söz metafizikamızın pozulmaz birgəliyindən danışır. Mədəniyyətlər isə beləcə təzahür edir, hürlük təlqin etmə, aşılama sindromlarını ilahi kanaldan təmin edirlər.
Bayatı-Şirazın musiqi içərisində gəlin gözəlliyi nümayiş etdirmə nişanı, simvolu yenidən onun mahiyyətində səsin sözə süzülməsi, dönüşməsi prosesini milli-mənəvi məqamda, yəni həm də epos adlı etnos hegemonluğunda məntiqə, təfəkkürə, yozuma çıxarır. Bu o demək deyildir ki, muğam dastanlarımızı yaratmışdır. Xeyir, ümumiyyətlə mədəniyyəti oluşduran detalların xarakterində, sənət yapısında belə bir keyfiyyət, xüsusiyyət yoxdur. Sadəcə, bir mərkəzdən pərvəriş taparaq getdikcə böyüyən, sonra parçalanmağa doğru gedən günəş işıqları kimi hər işıq şuası fərqli məkanda, fərqli canlıların tərkibində fərqli formaya, şəklə düşməyi bacarır. Elə ilahi xüsusiyyətlər də bunu göstərir, bunu tələb edir. Bu muğam şöbəsinin “musiqinin gəlini” simvolu ilə bütövləşdirilməsi Azərbaycan türklərinin milli yaddaşındakı dünya vəfasının yoxlanılması baxımından etibar, vəfa, qeyrət, gözlənilməz anda çətinliyi dəf eləmə instiktini hər ifaçının improvizasıyla da mədəniyyətimiz üçün yeni, yep-yeni metafizik məkan genişliyi açmalı olur. Mənəviyyatımızda bu açılan metafizik məkanlar bizə o qədər lazımdırmı? Mədəniyyətin təzələnməsi, dominant olması, müəyyən tarixi, ictimai-siyası dönəmlərdə etnosun yaddaşında bütövlük, sahiblənmə ( yer, yurd, insan, dil... kimi) heysiyyatını dirildir, yaxud da hərəkətə keçirir. “Bayatı-Şiraz”-ın ifası, ifa olunması sırf ayinvari bir metoddur.
***
Muğamlarımızın mediatikliyi, metafizikliyi, ayinsəl proseslərə qucaq açması sözlə, dillə ifadə olunacaq dərəcədə möhtəşəmliyə sığmaz. Muğamlarımızın sufi dünyagörüşüylə iç-içə olması isə onun başqa bir özəlliyini üzə çıxarır. Musiqi üçün, muğam üçün söz, şeir parçası vazkeçilməz bir amildir. Bu seçilmiş parçalar özəlliklə təsəvvüf qapsamlı, irfan mahiyyətli mətnlərdir. Əsasən Nəsiminin, Mövlanənin, Füzulinin, Seyd Əzim Şirvaninin, Mir Həmzə Seyyid Nigarinin qəzəlləri, şeir parçaları səsləndirilir. Muğamın ilkin qaynaqlarından danışılarsa, bəzi detalları söyləmək lazımdır. Bu amillər Quranın tilavəti (səslə, avazla, hər hansı şəkildə oxunması), təsəvvüfdə işlənən səma, məqam, hal məfhumlarıdır. Əsas məqamların sayı 12, dəstgahların sayı 7, dövrlərin sayı 6 rəqəmi ilə ifadə olunur. 12 bürc, 7 səyyarə (planet) və altıpilləli dünya düzəni ilə əlaqələndirilir. Qurana görə yaradılış 6 mərhələdə başa çatır.
Muğamın bizim kimi toplumlar üçün əvəzolunmazlığı ondan anlaşılır ki, mədəniyyətin dağılmasına imkan vermir. Ümumiyyətlə, nə qədər “oxuma, tar, oxuma” deyilib, yazılsa, nə qədər 1937-ci illərin baş verməyindən asılı olmayaraq, etnosun gizli tarixini, gizli mədəniyyətini ağlalmaz şəkildə qoruyur, hətta inkişaf etdirir. Bəzən muğam bu inkişafa birbaşa özü nail olmasa belə, gəldiyi yerdə, mədəniyyəti gətirdiyi yerdə “energetik dəyəri” başqa bir milli energetik gücə təslimetmə imkanı qazanır, həm də bu prosesə nəzarəti özündə saxlayır. Adama elə gəlir ki, hər şey itir, yox olur, azalır, yaxud donur. İrəliləyiş nəzərə çarpmır. Əksinə sovet sosialist dönəmində Azərbaycan türklərinin qorunmasında muğamın misilsiz önəmini, xidmətini vurğulamaq gərəkir. Millətin talantı, milli emosiyası dinsiz erroziyaya uğrayar (söhbət mədəniyyətə, tarixə təsir edən hər cür dindən, “dinin şəriətdən uzaq missiyasının yayılım şəbəkəsindəki şəkillənmələrdən gedir” Erik Hoffer). Din yasaq olunsa da, Muğam bütövlükdə islam dini sistemlərinin bazasında sufilik, eləcə də irfan, eləcə də təsəvvüff şüurunu hifz edərək ötürücülük missiyasını başqalarını, “düşmən”ləri, vəhşiləri azdıraraq yerinə yetirir. Muğamın İslam dinini 100 ilə yaxın bir zamanda öz gücü hesabına “gizlin planlaşdırmayla” necə məharətlə əvəz etdiyini, milli şüuru mədəniyyət yaratma instiktində yaşatdığını söyləmək gərəkir. “Bayatı- Şiraz”ı bura qədərki söyləntilərimizin fonunda irdələyib xırdalasaq, bu ictimai-siyasi formasiyalar boyunca milli mədəniyyət formalaşdırma səriştəsininin qarşısıalınmazlığındakı rolunu da aydın görmək mümkün. Bayatı- Şirazın musiqimizdəki gəlinliyi hələ də davam edir. O qocalmaq üçün, ahıllaşmaq üçün yaranmamışdır. O nələrisə qocaltmaq, cavanlaşdırmaq, öldürmək, diriltmək üçün Muğamda “Bayatı-Şiraz” adlı gəlin olaraq, yaşmağını ağzına bərk-bərk sıxmağı da unutmamışdır. Bu sufi təlimi deyil, bəs nədir? Din bütövlükdə təcəssüm edərkən maraqlı olmaya bilər, din mədəniyyətin şifrəsinə çevriləndə, mədəniyyətin müxtəlif sahələrində dəyişik adlar altında fərqliliklər, maraqlar yaradanda, çeşidli zövqlər formalaşdırmağa başlayanda, xalqın taleyində kodlaşanda yenilənir, reforma daha rahat, daha intellektual cavablar verərək “möhtəşəməm”, “ mən ilahi gücəm” deyir.” Bayatı-Şiraz” sufi təlimini yaşadan musiqi gəlinimiz kimi, məscidlərimizə it bağladıb, göbək rəqsləri etdiriləndə, analarımızın başından yaylığı, kəlağaysı, örpəyi alınıb bir əski parçasıyla eyni tərəziyə qoyulub Şeytanın siyasət bazarlarında satılanda, bax, onda, qapanmış, təsəttürlü, örtülü (hicablı) bir etnos gözəlinin səsli obrazıyla yerə-göyə divan tuturdu.
Üzeyir Hacıbəyovun “Bayatı-Şiraz” haqqındakı “... “Bayatı-Şiraz”ı dinləyicidə qəmginlik hissi oyadır” fikrindəki qəmginlik anlayışı əsla kədər, ələm, dərd notları üzərindəki hisslər, duyğular şəklində anlaşılmamalıdır. Təbii ki, dinlənilən musiqinin təsiri dinləyicidə ovqat yaradır. Ancaq musiqi yalnız dinləmək üçün deyil, axı. Musiqi təkcə fərdin halından, onun daxili dünyasının emosiyasından ibarət deyildir əsla. Muğamın missiyası dini ayin olaraq ayinsəl ritualların icrasıdır. Bu ayinlərin forması, şəkli musiqi kimi muğamın payına düşürsə, dinləyicinin bir deyil, onlarla olması gərəkir. Vəziyyət belə olduğu təqdirdə, onlarla adamın ( bir, iki deyil) qəmli hala düçar olması, ruhlarındakı fanilik yellərinin baş qaldırması hər fərd arasındakı energetik “birləşim” səni sakral məkan atır. Bax, burda baş verən reaksiyada “şüurun ilahi səmtində” (Y.E, Qolosovke) dövlət qurmaq, millət olmaq, güclü olmasa da, maraqlı mədəniyyət daşıyıcılığının toxumları, rüşeymləri əmələ gəlir. Bunlar bizim fizanomiyamızın görüntüsündə, toxumalarımızın, hüceyrələrimizin dərinliklərində, ondan da daha dərin olan mənəvi dünyamızın sonsuzluğunda bizi incitmədən, bizi narahat etmədən, bizi satmadan, həm də “özünü” ələ vermədən baş verən “olaylar”dır.

Xanəmir Telmanoğlu
Bu xəbər oxucular tərəfindən 2155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed