Şrift:
Məişət zorakılığı qurbamlarının sayı artır
27.12.2012 [12:59] - Müsahibə, Hüquq
Musa Quliyev: “məişət zorakılığının artması mənəviyyatla bağlıdır”

Mehriban Zeynalova: “qadına qarşı zorakılığa görə qanunvericilik sərt cəza nəzərdə tutmalıdır”

Beynəlxalq aləmdə qadın və uşaqlara qarşı zorakılıqla mübarizə problemi aktual olaraq qalır. Hər bir demokratik dövlət ictimai həyatın bütün sahələrində insanların qanun qarşısında bərabərliyinin təminatı üçün faydalı vasitələr yaradır. Ailə qanunvericiliyi hüquqi bərabərlik prinsipini bəyan edir. Lakin əksər hallarda ailə üzvləri ailədaxili münasibətlərdə hüquqa müraciət etmir.

Təbii olaraq, fiziki cəhətdən güclü, maddi imkanları olan tərəf üstünlük əldə edir. Ailənin uğurlu inkişafı üçün üstünlüyü olan tərəf daha artıq vəzifələr daşıyır. Müəyyən hallarda isə ailə münasibətlərində bu ahəng pozulur və məişət zəminində qadın və uşaqlara qarşı zorakılıq, onların sağlamlıq və həyatı üçün təhlükə yaranır. Belə olan halda ailə münasibətlərinə təcili müdaxilə edilərək zorakılıq qurbanlarının mühafizəsi təmin edilməlidir. Dövlət öz pozitiv öhdəliyini yerinə yetirərək hər bir insanın konstitusion hüquqlarının qorunması üçün hüquqi və sosial vasitələr yaratmalıdır.

Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır. Onunla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır.

Qeyd edək ki, məişət zorakılığı ilə mübarizə müəyyən tarixi dövr keçib. Bu proses XIX əsrin ortalarından fəallaşmağa başladı. İngiltərədə yaranan ilk qadın ittifaqlarının təzyiqi altında "Qadınlara və uşaqlara qarşı zorakılığın aradan qaldırılması və cəzalandırılması haqqında" Akt qəbul edildi. Qeyd edilən normativ akt ailədə fiziki zorakılığı törədən kişiyə münasibətdə qısa müddətə azadlıqdan məhrum etmək sanksiyasını nəzərdə tuturdu. "Nikah işləri haqqında" 1857-ci ildə qəbul edilən növbəti Akt qadınlara çox məhdud əsaslarla ərindən ayrılmağa icazə verirdi. 1872-ci ildə dünyada ilk dəfə Amerikanın Massaçusets və Alabama ştatlarında qadınlara qarşı zorakılıq cinayət kimi qəbul edildi. XIX əsrin sonuna qədər hətta Avropa ölkələrində nikah qanunvericiliyinə əsasən ərdə olan qadının şəxsi əmlakının sahibi olmaq hüququ yox idi, Rusiyada isə onların hətta fərdi yaşamaq hüquqları yox idi, arvadın adı ərinin kimliyinə daxil olunurdu.

Şərq ölkələri üçün patriarxal həyat tərzi xüsusilə səciyyəvi idi. Məsələn, ərəb ölkələrində islam dövründən əvvəl qadınlar kişilər tərəfindən əşya kimi satıla və hətta ev heyvanlarına dəyişdirilə bilərdi. Yeni doğulmuş qızların torpağa basdırılması, məhdudiyyətsiz sayda arvad saxlanması adəti geniş yayılmışdı. Ona görə islamın Yaxın Şərqdə yayılması ilə qadınların vəziyyəti nisbətən yaxşılaşdı. İbadət otaqları ayrı olsa da, qadınlar kişilərlə birgə cümə günü dini mərasimlərdə iştirak edirdilər, qadınlara əmlak zəmanəti verilirdi və s.

Müasir dövrdə artıq məişət zorakılığı ilə mübarizə sahəsində universal tövsiyələr, proqramlar, model normativ aktlar, konvensiyalar və digər beynəlxalq sənədlər hazırlanıb. Beynəlxalq hüquqda məişət zorakılığı ilə mübarizənin vəziyyəti haqqında dövlətlərin hesabat mexanizmi yaradılıb. Demokratik dövlətlər məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq standartları milli qanunvericiliklərinə implementasiya edərək məişət zorakılığı qurbanlarına özünə məxsus qoruyucu mexanizmlər yaradıb. Onların oxşarlıqları olsa da, praktiki cəhətdən fərqli xüsusiyyətləri də var. Məsələn, Kanada, ABŞ, İslandiya, Danimarka, Norveç, İsveçrə, Finlandiya, Litva, Estoniya, Latviya, Rusiya, Moldova, Gürcüstan və s. ölkələrdə məişət zorakılığı ilə mübarizə haqqında qanunlar qəbul edilib.

Azərbaycanda ənənəvi olaraq ailə münasibətləri xüsusi dəyərləndirilir. Hər bir gənc ailə münasibətlərinin yaranmasına məsuliyyətlə yanaşır. Öz növbəsində ailə münasibətləri dövlət tərəfindən qorunur. Konstitusiya ailə münasibətlərinin qorunmasını dövlətin vəzifəsi kimi müəyyən edir. Azərbaycan qanunvericiliyində ailə münasibətləri geniş anlamda başa düşülür. Bu münasibətlərə ərlə arvaddan başqa uşaqlar da aid edilir.

XXI əsrin əvvəllərində bu problem Azərbaycanda daha da aktuallaşdı. Azərbaycan Respublikası Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə aparmaq üzrə kampaniyasına qoşuldu. 2006-cı il 21 dekabr tarixində Azərbaycan Respublikasının Milli Məclisində "Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə haqqında" xüsusi bəyanat qəbul olundu. Heydər Əliyev Fondu BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" adlı layihə həyata keçirib. Azərbaycan mütəxəssisləri "Open World" Proqramı çərçivəsində ABŞ-da məişət zorakılığı ilə mübarizə sahəsində təcrübə keçdilər. Nəhayət, 2010-cu ilin 22 iyun tarixində "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Amma bu qanun qəbul olunsa da, ölkədə məişət zorakılığından əziyyət çəkənlərin sayı həddindən artıq çoxdur. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda mövcud olan qanunlarda müəyyən dəyişikliklər edilməlidir. H.Hüseynova bildirib ki, qadınların dövlət tərəfindən hansı formada müdafiə olunması ilə bağlı Komitə tərəfindən təkliflər hazırlanır. H.Hüseynovanın sözlərinə görə, təcrübə göstərir ki, bir çox qanunlara əsasən boşanma zamanı mülki məsələlər heç zaman qadının xeyrinə olmur: "Qanunla baxsaq, hər şey düzdür, amma qadına heç bir pay düşmür. Buna görə də qanunlarda müəyyən dəyişikliklər edilməlidir. Boşanmalarla da bağlı Komitəyə bir çox müraciətlər daxil olur. Ailə qurmaq üçün müqavilə məsələsi son zamanlar daha çox müzakirə edilir. Təhsilsiz və erkən yaşda ailə quran qadınların həyatında müəyyən müddətdən sonra problemlər olur. Bu problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həll edilir. Amma bütün problemlərin həlli dövlət səviyyəsində və qanun çərçivəsində olmalıdır".

H.Hüseynovanın açıqlamasına görə, bu il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2 mindən artıq müraciət daxil olub: "Bu müraciətlər bir çox problemləri əhatə edir. Müraciətlərin bir hissəsi sosial problemlər, iş yerlərinin olmaması ilə bağlıdır. Məişət zorakılığı halları ilə bağlı Komitəyə müraciətlər edilir. Ölkədə məişət zorakılığı halları artıb. Bu o deməkdir ki, artıq qadın dözmür və şikayət edir. Amma əvvəllər bu, qapalı formada idi. Hamı fikirləşirdi ki, ayıbdır və heç kim bilməsin. Əslində bir adam belə bir zorakılığa məruz qalırsa, mütləq müdafiə olunmalıdır".

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev bizimlə söhbətində bildirdi ki,

məişət zorakılığının artması mənəviyyatla bağlıdır: "Bu sahə ilə bağlı daim əhali arasında maarifləndirmə işi aparılmalıdır. Qadınlara onların öz hüquq və vəzifəsinin nədən ibarət olması haqqında məlumat verilməlidir". M.Quliyev onu da qeyd etdi ki, artıq köhnə adət-ənənələr dəyişib: "Cəmiyyət də bunu qəbul etməlidir. Avropaya inteqrasiya, başqa ölkələrin mədəniyyəti yavaş-yavaş ölkəmizə siraət edir. Bunlar, istər-istəməz, ailələrdə anlaşılmazlıq və ziddiyyət yaradır".

Millət vəkili hesab edir ki, məişət zorakılığı elə bir anlamdır ki, nə qədər ki, ailə varsa, zorakılıq da olacaq.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova son aylar ölkədə məişət zorakılığı qurbanlarının sayının artdığını dedi. Onun sözlərinə görə, Azərbaycanda məişət zorakılığı və xüsusilə də qadınlara münasibətdə zorakılıq ciddi xarakter alır. Birlik rəhbəri hesab edir ki, qadınlara münasibətdə zorakılıq hallarının ciddiləşməsinə əsas səbəblərdən biri qanunvericilikdəki boşluqlardır: "Polis məişət zorakılığı ilə bağlı edilən şikayətləri çox vaxt ciddiyə almır. Zorakılığa məruz qalan qadınların çoxu şikayət etməkdən çəkinir. Bu il evlərdə 54 qadın qətlə yetirilib. Fiziki zorakılığa məruz qalan qadınların sayı isə həddindən artıq çoxdur".

M.Zeynalova bildirdi ki, qətllərin əksəriyyəti namusla bağlı baş verir. Onun sözlərinə görə, namusla bağlı baş verən qətllər son vaxtlar balta ilə törədilir: "Yəni qadınlar baltalanır. Bu ittihamın nə dərəcədə əsaslı olduğunu heç kəs əsaslandıra bilmir. Bu ittihama cavan qız da, 60 yaşında yaşlı qadın da məruz qalır".

Ekspertin sözlərinə görə, zorakılığın qarşısını almaq üçün profilaktik iş aparılmır: "Evlilik həyatına daxil olan və ya daxil olmaq istəyən gənc oğlanların zorakılığa meylli olub-olmaması testləri keçirilmir. Halbuki, VVAQ-lar nəzdində bu testi keçirməli olan psixoloq, sosioloq mütəxəssislər fəaliyyət göstərməlidir. Evlərdə zorakılığa məruz qalan qadınları müdafiə edəcək etibarlı sistem yoxdur. Polis qadınlara qarşı qətl, işgəncə, ağır xəsarətlərlə müşayiət olunan cinayətlər törədildikdən sonra hadisəyə müdaxilə edir. Bu isə zorakılığın qarşısını almaq yox, baş vermiş cinayətin nəticələrini aradan qaldırmaqdır".

M.Zeynalova təklif edir ki, qadınlara qarşı zorakılıqların qarşısını almaq üçün cərimə həddini 3000-5000 manata qaldırmaq lazımdır. Onun fikrincə, qadına qarşı zorakılığa görə qanunvericilik sərt cəza nəzərdə tutmalıdır.


Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 1261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed