Şrift:
Yaponiyada peyvənd olunma ilə bağlı rəqəmsal sertifikatların verilməsinə başlanıb
20.12.2021 [10:12] - Gündəm, Sağlıq
Dekabrın 20-də Yaponiyanın Rəqəmsallaşdırma Üzrə Nazirliyi koronavirusa qarşı peyvənd olunma ilə bağlı sertifikatı almağa kömək edən xüsusi əlavəni istifadəyə verib.

Bu əlavəni “App Store” və “Google Play” kataloqlarından ödənişsiz əldə etmək olar. Bu zaman qeydiyyat üçün şəxsiyyəti təsdiq edən “My number card”dan istifadə edilməlidir. Həmin kart Yaponiya vətəndaşlarına və burada yaşamaq üçün uzunmüddətli vizaya malik olan əcnəbilərə 2015-ci ildən verilməyə başlanıb. Qeydiyyat zamanı bələdiyyələr tərəfindən verilən kağız sertifikatda olan məlumatlar bu əlavəyə köçürülməlidir. Əlavədən xaricdə istifadə üçün pasportdakı məlumatlar da burada qeyd edilməlidir.

Rəqəmsal sertifikat Yaponiya daxilində restoranları və kütləvi tədbir yerlərini ziyarət etməyə şərait yaradacaq. Doğrudur, hazırda Yaponiyada koronavirusla əlaqədar heç bir məhdudiyyət qüvvədə deyil, lakin vəziyyət gərginləşəcəyi təqdirdə həmin sertifikata ehtiyac yarana bilər.

Bundan əlavə, Yaponiya sakinləri həmin əlavədən Avstraliya, Böyük Britaniya, Vyetnam, Almaniya və ABŞ-ın da daxil olduğu 76 ölkəyə səfər zamanı karantin müddətini qısaltmaq üçün istifadə edə bilərlər.

Əlavə olaraq qeyd edək ki, hazırda Yaponiyada 98,2 milyon nəfər və ya 77,6 faiz peyvəndin hər iki dozasını qəbul edib. Ümumi əhalisi 126 milyon nəfər təşkil edən ölkədə 100 milyon nəfərin (79 faiz) peyvəndin bir dozasını aldığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed