Şrift:
Bu həftə doğum gününü qeyd edəcəyimiz Milli qəhrəmanlar
01.11.2011 [05:19] - Hərb
Musayev Aqil Hüseyn oğlu

1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində ğöz açmışdır. 1991-ci ildə kənd məktəbini bitirmiş, sonra Qazax şəhərindəki 117saylı texniki-peşə məktəbinə daxil olmuşdur. Sürücü peşəsinə yiyələnən Aqil 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Təlim-məşq toplantılarında iştirak edərək, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə yollanmışdır. Aqilin ilk döyüş yolu Ağdam bölgəsindən başlamışdılr. O, sonralar Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, bir müddət müalicə aldıqdan sonra yenidən döyüşə qayıtmışdır. 1994-cü il oktyabrın 5-də Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak olmuşdur. Qazax rayonunun Əzizbəyli kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyin oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Şahbazov Yavər Əlibala oğlu

1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1991-ci ildə orta təhsilini Alekseyevka kəndində əla qiymətlərlə bitirmiş, həmin ildə Şamaxı Mədəni - Maarif Texnikumuna daxil olmuşdur. 1994-cü ildə ordu sıralarına yollanan Yavər xidməti və intizamı ilə hər kəsin hörmətini qazanır. 1995-ci il martın 13-də dövlət çevirilişinə cəhdin qarşısını almaq məqsədilə mənfur niyyətli silahlıların qarşısına çıxanlardan biri də Y. Şahbazov oldu. O, qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas etmək məqsədilə irəli atılır. Lakin özü də bu qarşıdurmada qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Alekseyevka kəndində dəfn edilmişdir.
Alekseyevka kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulmuşdur. 2003-cü ildə isə Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılmışdır.
Bu xəbər oxucular tərəfindən 2218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed