Şrift:
Avropa Birliyi (AB) Ermənistana xəbərdarlıq edib
28.12.2012 [13:25] - Gündəm, Siyasət
Vasif Əfəndi: «Rusiya bütün imkanlarından istifadə edəcək Ermənistan onun təsir dairəsindən çıxmasın»

Avropa Birliyi (AB) Ermənistana xəbərdarlıq edib. Qurumun xarici məsələlər üzrə Ali komissarı Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç Ermənistanın Rusiya və digər MDB ölkələri ilə birgə Gömrük İttifaqına daxil olmasına dair rəsmi mövqeyini açıqlayıb.
Ketrin Eştonun sözçüsü «Azadlıq radiosu»nun Brüssel müxbiri ilə söhbətində Avropa Birliyinin Ermənistandakı səfiri Trayan Xristeanın Ermənistanın AB və Avrasiya İqtisadi Birliyi arasında seçim etməli olduğunu birbaşa təsdiqləməkdən faktiki şəkildə yayınıb: «Fikrimcə, ən yaxşısı həmişə bu cür məsələləri əsas mənbə ilə aydınlaşdırmaqdır. Tez-tez olur ki, belə bəyanatlar özünü doğrultmur. Hazırda assosiasiya haqda razılaşma və hərtərəfli azad ticarət zonası yaradılmasına dair müqavilə bağlanması ətrafında danışıqlar aparırıq».
Lakin o deyib ki, burada əsas problem azad Gömrük İttifaqı ilə bağlıdır: «Ermənistan hansısa gömrük birliyinə qoşulmaq qərarına gəlsə, bu Avropa Birliyi ilə azad və geniş ticarət zonasının yaradılmasına dair imzalanmış ikitərəfli müqavilə ilə uyğunluq təşkil etməyəcək. Çünki Gömrük İttifaqının ümumi xarici ticarət siyasəti var. Bu ittifaqa daxil olan ölkələr isə artıq xarici ticarət siyasətində suveren deyillər».
Koçiyançiç əlavə edib ki, Avropa Birliyi bir neçə gün bundan öncə Ermənistanla danışıqlar aparıb. Əməkdaşlıq şurası çərçivəsində Ermənistan azad və hərtərəfli ticarət zonası yaradılması haqda danışıqların tərəfdarı olduğunu ifadə edib. Bir sözlə, belə nəticə çıxır ki, İrəvanın Rusiya və digər MDB ölkələri ilə Gömrük İttifaqına daxil olması Avropa Birliyi ilə Ermənistan arasında azad ticarət zonası haqda danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaya ziddir.
Politoloq Vasif Əfəndinin fikrincə, keçmiş sovet respublikalarının müstəqillik əldə etməsindən sonra Avropa Birliyi bu ölkələri öz sırasına qatmaq siyasəti götürdü: «Bu siyasət ardıcıl olaraq 22 ildir ki, davam edir. Hər il Avropa Birliyi tərəfindən bu respublikalarla çoxlu sayda müqavilələr bağlayır və onların üzərinə müəyyən öhdəliklər qoyur. 200 ildən artıq bir zaman çərçivəsində Rusiyanın təsir dairəsində olan ölkələri xüsusən də Cənubi Qafqaz respublikalarını Avropa ailəsinə cəlb etmək bu birliyin son 30 ildə qarşısına qoyduğu və addım-addım həyata keçirdiyi vəzifəsidir. Rusiya isə Qafqazda öz təsir dairəsini qoruyub saxlamaq üçün bir-birinin ardınca yeni ittifaqlar və birliklər yaratmağa çalışır. Bütün bu fəaliyyət isə demək olar ki, nəticəsiz qalır. Avrasiya İttifaqı və Gömrük Birliyi bu uğursuz cəhdlərdən biridir. Əvvəllər də qeyd etdiyim kimi Avropa Birliyi genişlənməkdə davam edəcək. Rusiya Azərbaycanı Gömrük İttifaqına sürüməyə çalışsa da buna nail ola bilməyəcək. Ermənistanın isə Avrasiya İttifaqının üzvü olmasına və MDB Gömrük İttifaqında təmsil olunmasına baxmayaraq Avropa Birliyi Ermənistanı azad və hərtərəfli ticarət zonası yaradılması haqda danışıqlara cəlb edib. Çünki Ermənistan bu danışıqlara maraq göstərərək gələcəkdə bu birliyə daxil olmasının mümükünlüyünü qeyd edib. Amma eyni zamanda Rusiya ilə Gömrük İttifaqında təmsil olunması bu razılaşmanın qarşısını alır. Hesab edirəm ki, hələ Ermənistan bu birliyə daxil ola bilməyəcək. Rusiya bütün imkanlarından istifadə edəcək Ermənistan onun təsir dairəsindən çıxmasın. Bütün baş verənlərin fonunda Azərbaycan üçün çox əlverişli şərait yaranıb. Hazırda ölkəmizə beynəlxalq dairələrdə marağın artığı zamanda daha çevik siyasət yürütmək vaxtının çatdığını qeyd etmək istəyirəm. Xarici və daxili siyasətimizdə yeni dövrü başlamağın vaxtı artıq çatmışdır. Avropa Birliyi ölkələri ilə münasibətləri durmadan inkişaf etdirmək lazımdır. O ölkələrin Azərbaycan haqqında tənqidi fikirlərinə dözümlə yanaşmaq və bu tənqidlərdən nəticə çıxartmağın vaxtı çatıb».
Politoloq Qaya Əliyevin sözlərinə görə, soyuq müharibə başa çatandan sonra bipolyar beynəlxalq sistemə son qoyuldu. Belə güman olunurdu ki, ABŞ-ın dominantlığı ilə yeni bir beynəlxalq sistem qurulacaq və bu monopolyar sistem olacaq. Ancaq, monopolyar sistemlərin ömrü qısa olur: «ABŞ-ın buna resursları da çatmadı. Nəticədə polipolyar sistem — Avropa Birliyi, ABŞ, ASEAN, Şanxay İttifaqı kimi güc mərkəzləri formalaşdı. Rusiya da tədricən Putinin yeni prezidentliyi dövründən başlayaraq güc mərkəzi olmaq iddiasını ortaya qoydu. Artıq, yeni dünya düzəni formalaşır və dövlətlər seçimini edir. Ermənistanın strateji seçimi bəllidir. O Rusiyanın strateji müttəfiqidir və Moskva-İrəvan-Tehran siyasi oxunun tərkib hissəsidir. Belə olan təqdirdə Avropa Birliyinin gömrük strukturları ilə Rusiyanın dominantlığı altında formalaşmaqda olan bir qurumun Gömrük İttifaqı arasında seçim etmək Ermənistan üçün o qədər də tərəddüd ediləsi məsələ deyil. Tarix boyu kontinental konsolidasiya sferasında Rusiya və Avropa dövlətləri arasında rəqabət gedib. Məsələn, soyuq müharibə dövründə Avropa Birliyi və onun alternativi olan SSRİ vardısa, bu gün Avropa İttifaqı və ona alternativ olan Avrasiya Birliyi formalaşmaqdadır. Əgər soyuq müharibə dövründə iki təmərküzləşmə mərkəzi Pribaltika və Şərqi Avropa uğrunda mübarizə aparırdısa, bu gün onların hüquqi və siyasi varisləri olan bu iki mərkəz Cənubi Qafqaz, Ukrayna və Belorusiya uğrunda mübarizə aparır. Ermənistanın gömrük ittifaqları arasında geoiqtisadi seçimi də bu rəqabətin tərkib hissəsidir. Ermənistanın siyasi və iqtisadi vəziyyəti diqtə edir ki, o Qərbdən maksimum iqtisadi, Rusiyadan isə maksimum siyasi və hərbi dəstək alsın».
Cavid
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed