Şrift:
Fərəc Quliyev:Bir şəhid anasının duyğularından istifadə edənləri vətən xainidir
06.01.2022 [21:02] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son zamanlar ordunu, generaliteti, Silahlı Qüvvələrin başına gətirilən bəzi milli kadrları ləkələmək istiqamətində işlərin getdiyinə dair müşahidələr və mülahizələr var. Şəhidimiz, general Polad Həşimovun anası Səmayə Həşimovanın məlum açıqlamasından sonra bəzi ehtimallar ortaya çıxıb ki, şəhid anasını hansısa qüvvələr bilərəkdən yanlış bilgiləndirir, qəsdən səhv məlumatlar əsasında onu yanlış istiqamətə yönləndirir.

O zaman haqlı olaraq bu suallar meydana çıxır:

Bunu edən qüvvələr kimlərdir? Dövlət, hər halda, bu xoşagəlməz və təhlükəli tendensiyanın fərqindədir. Bəs bu sürəcin arxasındakı qara qüvvələri necə ifşa edəcək?

Fərəc Quliyev: “Kənardan qaynaqlanan və daxildən maşa olanların şəhid ailələrinə təsir etmək imkanları gözlənilən idi”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bir şəhid anasının duyğularından istifadə edənləri vətən xaini adlandırdı:

“Öncəliklə bir daha Polad Həşimov başda olmaqla, bütün şəhidlərimizə rəhmət diləyirəm. Bunlar çox ciddi məsələlərdir. Bir şəhid anasının davranışını, ağrı-acısını duymamaq mümkün deyil. Oğlu ilə bağlı qaranlıq qalan məqamların üzə çıxmasını istəməsini anlamaq mümkündür. Bir ana oğul itkisindən doğan duyğularını ifadə edir. Bunu tamamilə normal qəbul etmək olardı, amma bundan sui-istifadə halları da müşahidə olundu. Çox təəssüflər olsun ki, Azərbaycanda bir kəmfürsət kəsim var. Həmin kəsim belə məsələlərdən istifadə etmək üçün pusquda dayanırlar. Onunla razılaşıram ki, bu daha çox Polad Həşimov və onun ailəsinə qarşı təxribatdır. Onu gözdən salmağa, yıpratmağa olan cəhdlərdir. Həm onu, həm də döyüş yoldaşlarını. Hətta bunları nəinki gözdən salmağa, bir-birinə qarşı qoymağa çalışırlar. Hərbçilərimiz şəhid olublar, onların hər birinə rəhmət diləyirik. Güllə yanlarından keçənlər də olub. Qazilərimiz əslində canlı şəhidlərdir. Onların hər birini uca tutmaq lazımdır. O fikirlərlə tam razılaşıram ki, milli kadrlarımızı gözdən salmaq, yıpratmaq üçün ardıcıl şəkildə kampaniya aparan qüvvələr var. Kənardan qaynaqlanan və daxildən maşa olanların şəhid ailələrinə təsir etmək imkanları gözlənilən idi. Yada salaq ki, şəhidlərimizin dəfni ilə bağlı da bir ara belə kampaniya aparılırdı. Qazilərimizi körükləməyə çalışırdılar. Şəhid ailələrini belə körükləyirdilər. Döyüşdə 80 mindən çox iştirakçımız oldu. Onların hər birinə bir anda diqqət etmək olmur. Düşünürəm ki, bu günləri bir şəhid anasının duyğularını istismar etmək dövlətə və millətə xəyanət etməkdən başqa bir şey deyil. Sağ qalan generallarımız baş tacıdır. Şəhidlərimiz də baş tacımızdır. Bunları ayırmaq, sadəcə, xəyanətdir. Bütün bunlar xaricdəki düşmənlərimizin könüllərini xoş etməkdən başqa bir şey deyil. Çox ciddi bir savaş dönəmindəyik. Bizim ordunu gözdən salmağa çalışırlar. Buna müəyyən qədər nail olsalar, ordunun və cəmiyyətin xalqın yıpranmasına səbəb olur. Bu fikirlərim müəyyən qədər bəlkə də nəyəsə kömək edər. Türkiyədə lirənin ucuzlaşmasına sevinən qüvvələr ölkəmizdə tapılıb. Xatırlayırsınızsa, həmin qüvvələr vaxtilə neftin ucuzlaşmasına sevinirdilər. Bu qüvvələr Türkiyə və Azərbaycanın zəifləməsini istəyən dövlətlərin projeləridir. Qazaxıstanda baş verənlərə diqqət edin. Dövlət bütün tələbləri yerinə yetirdi, amma aksiyalar səngimədi. Demək, məqsəd təkcə sosial yöndə tələblər deyilmiş. Burada Qazaxıstan dövlətçiliyinə zərbə vurmaqdan söhbət gedir. Eyni ssenarini Azərbaycanda təkrarlamaq istəyirlər. Döyüşün bu mərhələsi başlayıb. Ciddi maarifləndirmə işləri aparmalıyıq. Səmayə anamıza dərin hörmətlərimi bildirməklə duyğularını başa düşdüyümü ifadə edirəm. Amma hesab edirəm ki, onun vasitəsilə sağ qalmış generallarımıza və əsgərlərimizə çamur atanlara, onun vasitəsilə məsələni körükləyənlərə ən sərt təpki göstərilməlidir”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed