Şrift:
Rusiya və Türkiyənin XİN başçıları “3+3” formatında keçirilən ilk iclası müsbət dəyərləndiriblər
07.01.2022 [10:09] - Xəbərlər, Siyasət
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aktual regional məsələləri müzakirə ediblər.

Rusiya XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər telefon danışığı zamanı 2021-ci ildə ölkələr arasında ali və yüksək səviyyələrdə siyasi dialoqun inkişafından məmnunluqlarını ifadə ediblər. Rusiya və Türkiyə rəhbərlərinin yeni ildə də sıx əlaqələrinin davam etdirilməsinə hazır olduqları vurğulanıb.

Söhbət zamanı nazirlər Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın inkişafı üçün 2021-ci il dekabrın 10-da Moskvada “3+3” formatında təşkil olunan ilk iclası müsbət dəyərləndiriblər. Belə tərkibdə növbəti görüşün yaxın vaxtlarda keçirilməsi barədə razılıq əldə olunub. S.Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə səylərə dəstəyini ifadə edib.

Tərəflər bir sıra aktual regional məsələlərə, xüsusən Balkan ölkələrindəki vəziyyətə dair məsələlərə də toxunublar. Deyton sazişinin təməl prinsipləri əsas götürülməklə dövlət yaradan bütün xalqların maraqları naminə Bosniya və Herseqovinada daxili siyasi dialoqun tezliklə bərpasının mühümlüyü xüsusi vurğulanıb. Bu istiqamətdə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirmək barədə razılığa gəlinib.

M.Çavuşoğlu Avropada təhlükəsizliyə zəmanət barədə Rusiyanın təkliflərinin nəzərdən keçirilməsi üçün Rusiya-NATO Şurasının yanvarın 12-də keçiriləcək iclasına hazırlıq məsələsinə toxunub.

Nazirlər, eyni zamanda, Qazaxıstanda baş verən hadisələrlə bağlı bu ölkənin rəhbərliyinin konstitusiya qaydalarının bərpası üzrə səylərini dəstəklədiklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed