Şrift:
Misirli tələbə 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib
12.01.2022 [10:18] - Xəbərlər, Siyasət
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kursunun müdavimi Əsma Əhməd Bəhiri “Nile1” portalında 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib

Müəllif Azərbaycan xalqının XX əsrdə ermənilər və sovet qoşunları tərəfindən törədilmiş bir çox kütləvi qırğınlara məruz qaldığını, 1990-cı il yanvarın 20-də baş vermiş faciənin isə dinc əhaliyə qarşı xüsusi qəddarlığı ilə yaddaşlara həkk olunduğunu qeyd edib. O yazıb: “Sovet rəhbərliyi hesab edirdi ki, qorxu saçmaq və terror azərbaycanlıların iradəsini qırmaq, onları itaətə məcbur etmək üçün ən yaxşı vasitədir. Lakin xalqın əzmi tanklardan və toplardan daha güclü idi”.

Məqalədə Qanlı Yanvar faciəsinin səbəbləri, törədilmiş qətliam barədə ətraflı məlumat verilib. Müəllif vurğulayıb ki, həmin məşum hadisələr zamanı Bakıda 131 dinc sakin vəhşicəsinə qətlə yetirilib, 744 nəfər ağır yaralanıb. Onların arasında qadınlar, uşaqlar və yaşlı insanlar da olublar. Həmçinin qanunsuz kütləvi həbslər həyata keçirilib, 200-dən çox ev və 80 avtomobil, o cümlədən təcili tibbi yardım maşınları atəşə tutulub.

Sonda müəllif qeyd edib ki, sovet ordusunun Bakıda törətdiyi qırğın II Dünya müharibəsində nasist Almaniyasının cinayətləri qədər dəhşətlidir. Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarını azadlıq uğrunda şəhidlər adlandırıb. Qanlı Yanvar hadisələri milli faciə olmaqla yanaşı, eyni zamanda, xalqın yenilməz əzminin rəmzi olub.
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed