Şrift:
Zal nəzarətçisi olacaq müəllimlər təlimlərə cəlb edilib
13.01.2022 [10:37] - Gündəm, Sosial
Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi 2022-ci ildə imtahanlarda zal nəzarətçisi olacaq müəllimlər üçün təlimlərə başlayıb.

Xızı, Siyəzən və Şabran rayonlarında keçirilən təlimlərdə təcrübəsi az olan və zal nəzarətçisi qismində ilk dəfə iştirak edəcək müəllimlər iştirak ediblər.

Bu mərhələdəki təlimlərdə Xızı rayonundan 8, Siyəzən rayonundan 23, Şabran rayonundan isə 22 nəzarətçinin iştirakı nəzərdə tutulub.

Təlimlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.

Seminarlarda, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə əsasən istifadə olunacaq cavab vərəqlərinin doldurulması, açıq tipli test tapşırıqlarının (kodlaşdırılması tələb olunan və yazılı formada cavablandırılması tələb edilən test tapşırıqları) cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır, onların imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid təqdimat nümayiş etdirilir.
Bu xəbər oxucular tərəfindən 421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed