Şrift:
İslam İqtisadiyyat, Mədəniyyət və Sosial Məsələlər Komissiyasının 44-cü sessiyası təşkil olunub
14.01.2022 [09:52] - Xəbərlər, Siyasət
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam İqtisadiyyat, Mədəniyyət və Sosial Məsələlər Komissiyasının (ICECS) 44-cü sessiyası keçirilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş Katibliyinə istinadla xəbər verir ki, sessiyada çıxış edən İƏT-in Baş katibi Hissein Brahim Taha təşkilatın son aylarda fəaliyyəti və Pakistanda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasına hazırlıq işləri barədə məlumat verib. O qeyd edib ki, şuranın 48-ci iclasından ötən dövr ərzində COVID-19 pandemiyasına rəğmən ICECS tərəfindən bir sıra proqram və layihələr həyata keçirilib. Belə ki, İƏT-in 2025-ci ilədək Fəaliyyət Proqramı çərçivəsində kənd təsərrüfatı, əyalətlərin inkişafı, qida təhlükəsizliyi, işsizliyin aradan qaldırılması, sosial təhlükəsizliyin möhkəmlənməsi, ticarət və sərmayələrin dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.

Elm, texnologiya və innovasiya sahələrində görülən işlərdən bəhs edən Baş katib diqqətə çatdırıb ki, İƏT-in Baş Katibliyi ilə Elm, Texnologiya Daimi Komitəsinin (COMSTECH) ötən il iyunun 16-da birgə təşkil etdikləri sammit bu baxımdan əlamətdar hadisə olub. H.B. Taha, həmçinin COVID-19 pandemiyası ilə mübarizə, ana və uşaq sağlamlığının inkişafı, humanitar fəlakət zonalarına yardım məsələləri üzrə fəaliyyətlərdən də danışıb.

Mədəniyyət və sosial məsələlərlə bağlı görülən işlərdən bəhs edən Baş katib qeyd edib ki, İƏT-in Baş Katibliyi İslam mədəni irsinin qorunması və təbliği, habelə tolerantlıq və həmrəylik sahələrində bir sıra tədbirlər, o cümlədən festivallar təşkil edib. Təşkilat, həmçinin qadınların cəmiyyətin sosial həyatında daha fəal iştirakı, gender bərbərliyi məsələlərini bu yaxınlarda Qahirədə keçirilmiş üzv ölkələrin qadın nazirlərinin konfransında da müzakirəyə çıxarıb.
Bu xəbər oxucular tərəfindən 167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed