Şrift:
Azərbaycanlılar üçün doğma olan məkan – İrpen şəhərində akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbdən reportaj
14.01.2022 [10:15] - Gündəm, Sosial
Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinin inkişafında İrpen şəhərinin öz töhfəsi olub. Bu şəhər azərbaycanlılar üçün doğma məkandır. İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəb fəaliyyət göstərir, şəhərin mərkəzində Zərifə Əliyeva adına küçə və park mövcuddur.

12 saylı orta məktəb İrpen şəhərinin ən müasir, yüksək bilik aşılayan təhsil ocaqlarındandır, xarici dil təmayüllüdür, Azərbaycan dili də daxil olmaqla 13 xarici dil tədris olunur. Azərbaycan dövlətinin dəstəyi ilə orta məktəb ən müasir avadanlıqlarla təchiz olunub, müasir idman meydançaları, idman qurğuları şagirdlərin ixtiyarına verilib. Məktəbdəki akademik Zərifə Əliyeva adına muzey isə yerli sakinlərin və qonaqların ziyarət etdiyi ən sevimli məkanlardan biridir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalaması bu ali təhsil ocağına verilən yüksək qiymətdir.

Sərəncama əsasən, “Dostluq” ordeni ilə təltif olunan məktəbin direktoru Valentina Antonenko AZƏRTAC-a açıqlamasında bildirib ki, məktəbdə 75 sinifdə 2400 şagird təhsil alır. Yaxın günlərdə türk dili də tədris olunmağa başlayacaq və bununla orta məktəbdə 14 xarici dil tədris olunacaq.

“Şagirdlərin yüksək biliyə sahib olmaları üçün burada savadlı müəllim heyəti çalışır. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anası olan Zərifə xanım Əliyeva əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib. Belə bir şəxsiyyətin adını daşıyan orta məktəbin direktoru olmaqdan qürur hissi keçirirəm”, - deyə Valentina Antonenko vurğulayıb.

Direktor bildirib ki, Azərbaycan dövləti İrpen şəhərinin inkişafına hər zaman öz töhfəsini verir: “Mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Sərəncama əsasən, “Tərəqqi” medalı ilə təltif olunan orta məktəbin müəllimi Alla Çumak AZƏRTAC-a açıqlamasında sevincini gizlədə bilməyib: “Bu qərar çox gözlənilməz sürpriz oldu. 21 ildir ki, bu məktəbdə çalışıram, Azərbaycan Prezidenti İlham Əliyevin təltif etməsi mənim üçün böyük dəyər və qiymətdir, çox təşəkkür edirəm”.

“Tərəqqi” medalı ilə təltif olunan digər pedaqoq Yuliya Krılaç bildirib ki, 12 ildir bu məktəbdə çalışır: “Prezident İlham Əliyev böyük inama görə təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bilir ki, orta məktəbdə daima Azərbaycan mədəniyyəti, dili və tarixi təbliğ olunur, akademik Zərifə xanım Əliyevanın irsi təbliğ edilir. Bir sözlə Azərbaycanın təbliğində öz töhfəsini verir”.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed