Şrift:
Deputat: 2021-ci il Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafı və intensivliyi baxımından uğurlu il olub
14.01.2022 [10:19] - Xəbərlər, Siyasət
COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, 2021-ci il Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafı və intensivliyi baxımından uğurlu il olub. Ötən il Azərbaycanın həm regional, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığını kifayət qədər səmərəli adlandırmaq olar. Ölkəmizin 2021-ci ildə öhdəliklərinə sadiq qalan, beynəlxalq humanitar əməkdaşlığa töhfə verən, qlobal məsuliyyətini dərk edən bir dövlət olaraq həyata keçirdiyi siyasət ona daha da yüksək nüfuz qazandırdı. Biz bu nüfuzun təzahürünü Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-də “COVID 19 əleyhinə peyvəndlərə bərabər, məqbul, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi zamanı da şahidlik etdik. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi BMT-yə təqdim etdiyi qətnamənin əleyhinə heç bir üzv dövlətin səs verməməsi ölkəmizin təşəbbüslərinin qlobal miqyasda dəstəkləndiyini nümayiş etdirdi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin daha da gücləndiyini bildirən deputat deyib: “Düşünürəm ki, ötən il təsisatın Baş katibi Yusif bin Əhməd Əl-Useyminin, eləcə də İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfərləri qarşılıqlı əməkdaşlığın nəticəsidir. Həmçinin İƏT-ə üzv dövlətlərin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə verdikləri açıq və birmənalı dəstək yüksək qiymətləndirilməlidir.

Ötən il Azərbaycan ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində də mühüm addımlar atdı. Xüsusilə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hökumət və dövlət başçılarının Zirvə görüşündə əldə olunan nəticələr, eyni zamanda, Türkmən qazının İran üzərindən Azərbaycana nəql olunması ilə bağlı üçtərəfli sazişin imzalanması dövlətimizin 2021-ci ildə əldə etdiyi mühüm diplomatik və iqtisadi uğur kimi dəyərləndirilməlidir. Keçən il beynəlxalq və regional əməkdaşlıq çərçivəsində əldə olunan ən böyük uğurlardan biri də türk dövlətləri arasında əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyması və hələ 2011-ci ildə, Prezident İlham Əliyevin sədrliyi ilə Naxçıvanda keçirilən Zirvə görüşündə Azərbaycanın təşəbbüsü və həmmüəllifliyi ilə hazırlanan tarixi sənədin reallığa çevrilməsidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilərək, beynəlxalq təşkilat statusunu qazanması, Türk Dünyasının iki mühüm ideya və hərəkətverici gücünün - Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri siyasətin, gərgin əməyin bariz nümunəsidir. 2020-ci ildə Ermənistan üzərində Zəfər qazanmaqla adını Türk dünyasının tarixinə qızıl hərflərlə yazan Azərbaycan, 2021-ci ildə türk xalqlarının tarixi arzularının gerçəkləşməsinə də böyük töhfə verdi. Bu baxımdan, Azərbaycanın Türk dünyası qarşısındakı böyük xidmətlərinin heç zaman unudulmayacağını və gələcək nəsillər tərəfindən böyük hörmətlə, sevgi ilə xatırtlanacağını düşünmək olar”.

2021-ci ildə Azərbaycan-Avropa İttifaqi münasibətlərində də mühüm irəliləyişlərə nail olunduğunu diqqətə çatdıran Azər Kərimli deyib: “Ötən ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinin qarşılıqlı faydalı əməkdaşlığın davamı baxımından mühüm əhəmiyyət kəsb etdiyi kimi, Prezident İlham Əliyevin dekabr ayında Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində Brüsselə səfərini də ən önəmli hadisələrdən hesab etmək olar. Səfər çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş və bu görüşün nəticəsi ilə bağlı Aİ Şurası Prezidentinin yaydığı bəyanatda “münaqişə” və “Dağlıq Qarabağ” ifadələrinin yer almaması ölkəmizin böyük diplomatik uğuru sayıla bilər. Azərbaycanın diplomatik səyləri və Aİ ilə münasibətlərində həyata keçirdiyi ardıcıl siyasət bir gedişlə Ermənistanın bütün iddialarının üzərindən xətt çəkdi və rəsmi İrəvanın istinad etdiyi əsassız mülahizələrin beynəlxalq siyasi leksikondan çıxarılmasına səbəb oldu. Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı və təsisatın yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına və müstəqilliyinə dəstəyin ifadə olunması ən mühüm əhəmiyyət kəsb edən haldır.

Mahiyyət etibarilə Azərbaycanın beynəlxalq və regional təşkilatlar, eləcə də ikitərəfli, üçtərəfli əməkdaşlıq platformaları çərçivəsində göstərdiyi uğurlu fəaliyyət 2020-ci ildə əldə olunan böyük Zəfərin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsiylə nəticələndi. Bu da ölkəmizin müstəqilliyi dövründə əldə olunan ən böyük diplomatik nailiyyət kimi qiymətləndirilməlidir.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed