Şrift:
Əli Xamneyinin bacısı qızı Fəridə Muradxani həbs edilib
18.01.2022 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İrandakı hüquq müdafiəçiləri və Parisdə mühacirətdə yaşayan Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani (Əli Xamneyinin bacısı oğlu-Red) məlumat yayıb.

Mahmud Muradxani “İran İnternational” telekanalına açıqlamasında deyib ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) mülki geyimli əməkdaşları Tehranda bacısı Fəridəni yanvarın 13-də küçədə evlərinə gedərkən tutub naməlum istiqamətə aparıblar.

“Bacım ötən cümə axşamı günü axşam saatlarında küçədə evinə qayıdarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Biz onun harada olmasından xəbərsiz və nigaran olsaq da, bacım həbsindən bir gün sonra evə zəng vuraraq, ETTELAAT Nazirliyinin nəzarətində idarə olunan Tehranın Evin zindanının 209-cu korpusuna köçürülməsindən xəbər verib.

Mən bacımın həbsinin detalları barədə əlavə məlumat verməyə çalışıram. Lakin hamının bildiyi kimi bu rejim ilk günlərdə həbs etdiyi şəxslər və siyasi fəallar barədə hər hansı bir məlumat yaymır.

Unutmayaq ki, bu rejim ölkədə tətbiq etdiyi repressiyalar təzyiqlər və həbslərlə tanınır. Hazırda həbsdə olanlar təkcə mənim bacım deyil. Bu gün ölkənin bir çox gəncləri və cəmiyyətin elitasiyadan olanların çoxu həbsxanalarda saxlanılır.

Həbsdə olmayanlar da vətəndaş hüquqlarından məhrum edildiklərinə görə evlərində oturub susmaq məcburiyyətində qalıblar.

Nə isə, bu gün ölkənin bütün əhalisi bu repressiv rejimin mahiyyətini yaxşı tanıyır, onun repressiyalar və zorakılıq dilindən başqa heç bir dili başa düşmədiyini yaxşı bilir"-deyə, Mahmud Muradxani bildirib.

O, bacısının siyasi fəaliyyətlə məşğul olmadığını deyib: "Mənim bacım siyasi bir şəxs deyil, o siyasətlə də heç vaxt məşğul olmayıb və bu sahədə fəaliyyət də aparmayıb.

O, sadəcə olaraq, bir hüquq müdafiəsi kimi fəaliyyət göstərib, xeyriyyə işləri ilə məşğul olub, siyasi məhbusların ailələrinin yanında olub və bununla bağlı keçirilən dinc etirazlarda iştirak edib.

Baxmayaraq ki, Əli Xamneyi mənim dayımdır, lakin bizim ailəmizin onunla müxalif olması, xüsusən də atamın ona qarşı müxalif mövqedən çıxış etməsi Xamneyinin rəhbər vəzifəsinə təyin edilməsindən əvvəlki vaxtlara qayıdır. O da bunu yaxşı bilir. Lakin Xamneyi və onun rejimi bizə qarşı bundan artıq bir iş görə bilmirlər, yoxsa bacarsaydılar görərdilər.

Ailəmizə qarşı bu kimi təzyiqlər bizim üçün yeni bir şey deyil. Onlar (Xamneyi və rejimi-Red) bacardıqları qədər bu kimi həbslərlə mənə, atama və ailəmizə təzyiq göstərərək bizi susdurmağa çalışırlar, lakin bu heç vaxt onların istədiyi kimi olmayıb və olmayacaq da.

Daha doğrusu, onlar heç vaxt bizə göstərdikləri bu kimi təzyiqlərlə öz niyyətlərinə nail ola bilməyiblər”, -deyə Əli Xamneyinin bacısı oğlu Mahmud Muradxani “İran İnternational” telekanalına açıqlamasında bacısı Fəridə Muradxaninin həbsindən danışarkən bildirib.

Yayılan məlumata görə, ETTELAAT əməkdaşları Fəridə Muradxanini həbs etdikdən sonra onun mənzilində axtarış aparıb, ona məxsus bir sıra şəxsi əşyalar götürüblər.

Fəridə Muradxaninin həbsinin səbəbi və onun konkret nədə günahlandırıldığı hələlik bilinməsə də, onun həbsinin üç ay əvvəl İranın keçmiş şahının həyat yoldaşı Fərəh Pəhləvi ilə online şəkildə keçirilən bir görüşdə iştirak etməsi və bununla bağlı fikirlər səsləndirməsi ilə əlaqədar olduğu təxmin edilir.

Fəridə Muradxani 2021-ci il, oktyabrın 14-də Fərəh Pəhləvinin doğum günü münasibəti ilə onunla onlineşəkildə keçirilən bir görüşdə, Fərəhin şəninə tərif dolu bir şeir oxuyaraq, onun bir gün ölkəyə qayıdacağı ilə bağlı arzusunu dilinə gətirmişdi.

“Sən gələcəksən və özünlə işıq, mühribanlıq və sevgi gətirəcəksən”, -deyə Fəridə Muradxani bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed