Şrift:
20 Yanvar - Milli azadlıq hərəkatının qəhrəmanlıq tarixi və xalqımızın qan yaddaşıdır
19.01.2022 [10:33] - Xəbərlər, Siyasət
20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Bu fikirlər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11 nömrəli tam orta məktəbdə “20 Yanvar - Milli azadlıq hərəkatının qəhrəmanlıq tarixi və xalqımızın qan yaddaşıdır” mövzusunda keçirilən dəyirmi masada səsləndirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə 20 Yanvar hadisələrinin şahidi olmuş Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov faciə ilə bağlı geniş məlumat verib. Bildirib ki, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

11 nömrəli tam orta məktəbin direktoru Lətafət Əlizadə və digər çıxış edənlər də 32 il əvvəl Bakıda törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin parlaq səhifəsi adlandırıblar.
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed