Şrift:
Adil Əliyev: Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı sovet rəhbərliyinin “islamçı kartı”nı məhv etdi
19.01.2022 [11:08] - Xəbərlər, Siyasət
Son yüz ildə Azərbaycan xalqının kollektiv və tarixi yaddaşını oyadan, yeniləyən və formalaşdıran ən mühüm amillərdən biri 1990-cı ilin 20 Yanvar hadisələri olub. SSRİ tarixində ilk dəfə idi ki, sovet ordusu sovet şəhərinə və sovet vətəndaşına qarşı bu miqyasda hərbi müdaxilə və faktiki olaraq müharibə etdi. Sovet ordusu Bakıya və Azərbaycana nəzarəti bərpa etdi. Lakin 20 yanvarda SSRİ Azərbaycanı strateji baxımdan birdəfəlik itirmiş oldu. Bu hadisə Azərbaycan xalqının yaddaşında elə bir iz buraxdı ki, bu gün də bir çox hadisə və proseslərə məhz 20 yanvar prizmasından baxırıq.

20 Yanvar həm məcazi, həm də hərfi mənada tarixi yaddaşımızı oyatdı. Şəhidləri dəfn etmək üçün qazılan məzar yerlərində Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şəhidlərimizin qalıqları üzə çıxdı. Beləliklə, 70 il əvvəlki hadisələrlə bağlantı əmələ gəldi. Yetmiş il əvvəlki şəhidlərin qalıqlarının aşkar edildiyi eyni yerdə, eyni məkanda yeni şəhidlərimiz dəfn edildi. Yetmiş il əvvəl də şəhidlər azadlıq mübarizəmiz yolunda canlarını fəda etmişdilər, 20 yanvar şəhidləri də. Hər iki hadisələrdə erməni amili ciddi rol oynayıb.

Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.

A.Əliyev qeyd edib ki, 1918-ci ilin martında erməni daşnak-bolşevik dəstələri azərbaycanlılara qarşı qırğın törədərək minlərlə insanı qətlə yetirdilər, faktiki olaraq Bakını və digər bölgələri işğal etdilər. Bakının erməni daşnak işğalından azad olunması zamanı 1918-ci ildə şəhidlər verdik. Onlar o zaman Çənbərəkənd qəbiristanlığı adlandırılan indiki Şəhidlər xiyabanında dəfn edilmişdilər. Azərbaycan Xalq Cümhuriyyəti zamanı orada azərbaycanlı və türk şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksinin layihəsi hazırlanmışdı, lakin bu iş həyata keçirilməmişdi. Nəhayət, ümummilli lider Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə abidə kompleksinin açılışını etdi. Şəhidlər xiyabanında yerləşən və “Türk şəhidliyi” kimi tanınan bu abidə kompleksi Ulu Öndərin “Bir millət, iki dövlət” fəlsəfəsinin ruhunun daşıyıcısıdır.

20 Yanvardan sonra Qarabağda işğalçılarla mübarizədə həlak olan həmvətənlərimiz, əsgərlərimiz də Şəhidlər xiyabanında dəfn edildi. Şəhidlər xiyabanı xalqımızın milli azadlığı və Qarabağ uğrunda canını fəda etmiş övladlarımızın son mənzilinə çevrildi. Bu əslində məntiqli idi. Çünki 20 yanvar qırğını ərəfəsində nümayişçilər Qarabağda baş qaldırmış erməni separatizminə qarşı etiraz səslərini qaldırırdılar.

ABŞ-ın “Newsweek” nəşri 1989-cu ilin dekabrında azərbaycanlıları milli azadlıq uğrunda mübarizəyə qalxdıqlarına görə “İlin xalqı” adlandırdı. Bu kontekstdə Bakıya qoşun yeridilməsi və dinc əhaliyə divan tutulması, ilk növbədə, Azərbaycan xalqına və digər respublikalara “ibrət dərsi” verərək onları qorxutmaq və susdurmaq idi. Amma bu əks effekt yaratdı. Azərbaycan xalqı bu hadisədən daha qorxmaz və daha birləşmiş halda çıxdı. Müsəlman, yəhudi və xristian dini liderləri bir araya gələrək milyonlarla insanın iştirak etdiyi dəfn və matəm mərasimində şəhidlərin ruhuna dualar etdilər.

Bu fonda 20 yanvar hadisələrinin faciəli tərəflərindən biri xalqın bu cür birlik, fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdiyi halda respublika rəhbərliyi və etiraz nümayişlərinə rəhbərlik edənlərin səriştəsizliyi və onların arasında əsil liderin olmaması idi. Bunu nəzərə alan ovaxtkı SSRİ rəhbərliyi həmin amildən istifadə edərək dinc nümayişlərə başqa don geyindirməyə və xalqa qarşı ordunun istifadə edilməsinə haqq qazandırmağa çalışırdı. O məqsədlə İslam fundamentalizmi kartı ortaya atıldı. Hərçənd o zaman dünyada İslam fundamentalizmi mövzusu indiki qədər aktual deyildi, bu məsələ 2001-ci il 11 sentyabr hadisələrindən sonra gündəmə çevrilmişdir. Xüsusən də SSRİ-də qapalı ölkə, ateizmin rəsmi ideologiya və dinin ictimai həyatda minimum səviyyədə olduğunu, və etiraz nümayişlərinin səbəb və tələblərini nəzərə aldıqda bu cür ittihamlar absurd görünür.

Tomas de Vaal “Qara Bağ” kitabında 20 yanvar hadisələrinə və ümumiyyətlə Azərbaycanda milli azadlıq hərəkatına islamçı rəngi qatmaq cəhdlərindən bəhs edir. Kitabda da qeyd olunduğu kimi, xalqın milli azadlıq hərəkatının və Qarabağ münaqişəsində Azərbaycanın etibardan salınmasında islam amilindən istifadə edilməsi işində müsəlman aləminə yaxşı bələd olan yüksək çinli sovet məmurları xüsusilə seçilirdi.

1990-ci il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar barədə həqiqətləri dünyaya çatdırması ona görə xüsusi əhəmiyyət kəsb edir ki, onun bəyanatları təkcə 20 yanvar qırğının beynəlxalq aləmə car çəkmədi, həm də o, SSRİ rəhbərliyinin Azərbaycan xalqına və dinc nümayişçilərə islam fundamentalisti damğası vurmasının qarşısını effektli şəkildə aldı. Onun bəyanatında işlətdiyi bir cümlə kifayət etdi ki, məsələnin əsl mahiyyəti açılsın: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”. Təsadüfi deyil ki, Heydər Əliyevin bu cəsarətli hərəkətindən iki həftə sonra Sovet İttifaqı Kommunist Partiyasının rəsmi orqanı olan “Pravda” qəzetində ona qarşı böhtan dolu yazı nəşr edildi.

Tarix təkrar olunur. Təkcə ona görə yox ki, eyni yerdə 1918-ci il şəhidləri dəfn edilmişdi. Həm də ona görə ki, 20 yanvardan 2 il əvvəl 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələri zamanı da SSRİ rəhbərliyi baş verənlərə islamçı donu geyindirməyə çalışırdı. Eləcə də, 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişi zamanı həm regionda yerləşən, həm də regiondan kənarda olan bəzi qüvvələr müharibədə yenidən islamçı kartını işə salmaqla Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa və qələbəmizə aparan yolda maneələr törətməyə çalışırdılar. Əhməd bəy Ağaoğlu hələ 1905-ci ildə “Bakı hadisələri haqqında həqiqət” adlı məqaləsində yazırdı: “Guya qırğından əvvəl Bakı mollaları, Baş molla (???) məsciddə erməniləri qılıncdan keçirməyə çağırmışdır”. Yüz ildən artıq müddətdə qurulan belə məkrli ssenarini Ulu öndər Heydər Əliyev 1990-cı ildə 20 Yanvar hadisələrindən dərhal sonra pozmuşdu. Ondan düz 30 il sonra - 2020-ci ildə Vətən müharibəsi zamanı isə oxşar ssenarini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev darmadağın etdi və böyük Zəfər qazandıq. Beləliklə, 20 Yanvar şəhidlərinin də uğrunda canlarını fəda etdikləri suverenliyimiz və ərazi bütövlüyümüz 30 il sonra Vətən müharibəsi ilə bərpa edildi.
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed