Şrift:
20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu
20.01.2022 [09:12] - Xəbərlər, Siyasət
Xalqımızın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı həm ümummilli kədərin, həm də xalqımızın yenilməz iradəsinin təcəssümüdür

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə həm faciəli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi yazıldı. Ulu öndər Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələri haqqında danışarkən deyirdi ki, o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Ulu Öndərimizin dediyi kimi, 20 Yanvar tariximizdə tutduğu yeri indi – 32 il keçdikdən sonra daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub. Hələ uşaq ikən Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən gənclər özləri qəhrəmanlıq dastanı yazdılar, Vətənimizin ərazi bütövlüyünü bərpa etdilər. Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladları da dəfn edilib. Bu gün bütün şəhidlərimizin ruhları şaddır, onların qanı hədər getməyib. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü naminə şəhid olanlar müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoyublar. Ona görə də xalqımız 20 Yanvar faciəsinin 32-ci ildönümünü Qarabağ Zəfərinin fonunda xüsusi qürur hissi ilə qeyd edir.

İllər keçdikcə Qanlı Yanvar hadisələrinə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi ürəklər həm də sonsuz fərəh, qürur hissi ilə döyünür.

Təpədən-dırnağa kimi silahlanmış sovet qoşunlarının bölmələri tərəfindən əliyalın insanların qəddarcasına gülləyə tutulduğu, tankların altında əzildiyi həmin qış gecəsi, əslində, azadlıq günəşinin ilk şəfəqləri parlayırdı. Biz bunu sonradan – dövlət müstəqilliyimiz bərpa edilərkən dərk etdik.

Ötən dövrdə Azərbaycan müqayisəolunmaz dərəcədə dəyişib. Zamanın sürətli axarında dəyişməz qalan yalnız xalqın şəhidlərə hörmət və ehtiramıdır.

20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. O vaxt Moskvada yaşayan Heydər Əliyev yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, sovet rəhbərliyinin Bakıda törətdiyi qanlı cinayəti pislədi. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törədilən dövlət terrorundan xəbər tutdu. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Azərbaycan xalqının başına gətirilən müsibətin bu gün on minlərlə canlı şahidi var. İmperiya qoşunlarının Bakıda törətdiyi hərbi cinayətin təkzibolunmaz dəlil-sübutlarından biri də fotoşəkillərdir. AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini və yenilməzliyini əks etdirən yüzlərlə fotoşəkil var. Qanlı Bakı gecəsinin, günahsız insanların küçələrə səpələnmiş cəsədlərinin, şəhidlərin dəfnində yaşanan izdihamın və digər epizodların əks olunduğu bu fotolara baxdıqca yaddaşımız təzələnir.

Həmin gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə soxuldular. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçdilər, qarşılarına çıxan hər kəsi atəşə tutdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.

“Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatda deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Şəhidlərin dəfn mərasimində yaşanan izdiham Azərbaycan xalqının böyük kədəri ilə yanaşı, mərdliyini, bir amal uğrunda necə sıx birləşdiyini nümayiş etdirdi. Həmin vaxt çəkilmiş fotolar özündə bu qürurverici anları yaşadır.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini belə qiymətləndirib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad edilməsi naminə hər cür fədakarlığa hazır olan gənclərimizin göz qırpmadan ölümün üzərinə getməsi xalqımızın böyüklüyündən xəbər verir.

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Xalq şairi Zəlimxan Yaqub “Şəhid qanı” şeirində yazırdı:

Həyatımda ilk dəfə bu qədər qan görürdüm,

Qızıl qana bələnmiş sökülən dan görürdüm,

Qan içində çalxalanan Azərbaycan görürdüm

Yerdən, göydən, dənizdən axırdı şəhid qanı!

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

Yüzdən çox oğul və qızlarımız o məşum gecədə qətlə yetirildi. Məhz o gecə tökülən qanlar hesabına ölkəmiz əsarətdən xilas oldu, dövlət müstəqilliyimizi bərpa etdik.

Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib. Bu gün Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında Azərbaycanın dövlət bayrağı qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan əsgərinə, qəhrəman şəhidlərimizə borcluyuq.
Bu xəbər oxucular tərəfindən 155 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed