Şrift:
Azərbaycanın Latviyadakı səfirliyi 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirib
20.01.2022 [09:17] - Gündəm, Siyasət
Dekabrın 19-da Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbirdə səfir Elnur Sultanov, Milli Məclisin və Latviya Seyminin parlamentlərarası dostluq qruplarının üzvləri – Romans Naudinş, Kamran Bayramov, Aleksandrs Kirşsteyns, Nizami Səfərov, Armands Krauze, Barrikadalar Muzeyinin direktoru Renars Zalyis və digər şəxslər çıxış ediblər.

Səfir Elnur Sultanov çıxışında bildirib ki, 20 Yanvar tarixi Azərbaycan və Latviya tarixinin ən faciəvi və eyni zamanda, qəhrəmanlıq səhifələrindən biridir. 20 Yanvar hadisələri Azərbaycan və Latviya xalqlarının azadlıq mübarizəsinin birgə rəmzinə çevrilib.

Qara Yanvar faciəsi barədə ətraflı məlumat verən səfir bu hadisənin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu vurğulayıb. O, Azərbaycan xalqının böyük oğlu, Heydər Əliyevin həmin dövrdə nümayiş etdirdiyi qətiyyətli mövqedən bəhs edərək onun çətin zamanlarda Azərbaycan xalqına bağlılığını və dəstək olmasını bir daha nümayiş etdirdiyini vurğulayıb.

Səfir Elnur Sultanov diqqətə çatdırıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə məhz onun təşəbbüsü ilə bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Səfir eyni zamanda qeyd edib ki, 20 Yanvar tarixini xalqımız hər il ümummilli matəm günü kimi qeyd edir və şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri, deputat Romans Naudinş çıxış edərək bildirib ki, Azərbaycan xalqı müstəqillik uğrunda mübarizədə keçmiş SSRİ-də ən öndə olub. O, bir neçə ilə öncə 20 Yanvar tarixində Bakıda olarkən Azərbaycan xalqının şəhidlərin xatirəsini necə ehtiramla yad etməsinə və dövlət tərəfindən qiymətləndirilməsinə şahid olduğunu vurğulayıb. Qeyd edib ki, tarixini unudanların gələcəyi olmaz və bu baxımdan Azərbaycan xalqı öz tarixinə sahib çıxmaqla öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq 2020-ci ildə torpaqlarını işğaldan azad edib.

Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kamran Bayramov 20 Yanvar tarixinin Azərbaycan tarixində yeri və əhəmiyyətindən danışıb. 20 Yanvar hadisələrini o, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirərək bu hadisələri törədənlərin təəssüf ki, cəzalandırılmadığını vurğulayıb. Deputat Kamran Bayramov 20 Yanvar faciəsinin Azərbaycan xalqını birləşdirən və onun azadlıq uğrunda mübarizəsini gücləndirən ən önəmli hadisələrdən olduğunu qeyd edib. O, 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs edərək xalqımızın bu faciəni heç vaxt unutmayacağını, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını söyləyib.

Daha sonra çıxış edən deputatlar Nizami Səfərov, Armands Krauze, Aleksandrs Kirşteyns və Riqada yerləşən Barrikadalar Muzeyinin direktoru Renars Zalyis 20 Yanvar faciəsinin siyasi, tarixi və hüquqi aspektlərindən danışıblar. Həmçinin, 1991-ci il yanvar ayının 20-də Riqa şəhərində baş verən hadisələrə toxunaraq barrikada müdafiəçilərinin Latviyanın azadlıq mübarizəsi tarixində rolunu qeyd ediblər.

Tədbirdə Azərbaycan və Latviya ictimaiyyət nümayəndələri, eləcə də Latviyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının üzvləri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed