Şrift:
İsrail terrorla mübarizədə Birləşmiş Ərəb Əmirliklərinə dəstək təklif edib
20.01.2022 [09:20] - Xəbərlər, Siyasət
İki gün əvvəl Yəməndəki husi qiyamçılarının Əbu-Dabiyə raket və dron hücumundan sonra İsrailin Baş naziri Naftali Bennett Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayedə məktub göndərərək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təhlükəsizlik və kəşfiyyat sahələrində dəstək təklif edib.

N.Bennett öz məktubunda İsrailin regionda ekstremist qüvvələrə qarşı mübarizədə BƏƏ ilə sıx əməkdaşlıq etmək istədiyini vurğulayıb. O əlavə edib: “Biz sizin ölkənizin vətəndaşlarının bu cür hücumlardan qorunması üçün təhlükəsizlik və kəşfiyyat dəstəyi verməyə hazırıq. Mən İsrailin təhlükəsizlik strukturlarına BƏƏ-dəki həmkarlarına hər cür yardım etmək barədə göstəriş vermişəm”.

BƏƏ hökuməti bazar ertəsi husi qiyamçılarının 3 nəfərin həlak olması ilə nəticələnən raket və dron hücumundan sonra bu ay BMT Təhlükəsizlik Şurasına sədrlik edən Estoniya nümayəndə heyətinə məktub təqdim edib. Rəsmi Əbu-Dabi husi qiyamçılarının terror aktlarının Yaxın Şərq regionunda sülhə və təhlükəsizliyə təhdid olduğunu bildirib, bu məsələnin yanvarın sonunadək şurada müzakirə olunması tələbini irəli sürüb.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed