Şrift:
Varşavada 20 Yanvar – Ümumxalq Hüzn Günü qeyd edilib
20.01.2022 [09:36] - Xəbərlər, Siyasət
20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Varşavada klassik musiqi axşamı təşkil edilib.

Tədbirdə Polşanın dövlət qurumları və digər təşkilatların rəhbər və nümayəndələri, işgüzar dairələr və yerli mətbuat nümayəndələri, həmçinin Polşada yaşayan həmvətənlərimiz, türk icmasının üzvləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri iştirak ediblər.

İlk olaraq Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək Azərbaycanı təlatümə gətirmiş və üzərindən 32 il ötən Qara Yanvar faciəsindən danışıb. Səfir azadlıq, müstəqillik və ərazi bütövlüyü çağırışlarını susdurmaq üçün küçələrə çıxaraq həqiqət və ədalət tələb edən əliyalın günahsız insanlara qarşı sovet rejimi tərəfindən hərbi təcavüz edildiyini bildirib. Səfir Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları fonunda 250 min azərbaycanlının Ermənistandan qovulmasına etinasızlığı sovet rejiminin Azərbaycana qarşı məkrli siyasətinin növbəti nəticəsi olduğunu qeyd edib. N. Qurbanova Azərbaycana qarşı sovet rəhbərliyi tərəfindən “erməni kartının” istifadə edildiyini, Bakıya xüsusi təyinatlılardan ibarət ordunun göndərildiyini, insanları məlumat blokadasına almaq üçün dövlət televiziyasının enerji blokunun partladıldığını, şəhərdə törədilmiş qırğınlar nəticəsində 147 nəfər mülki şəxsin öldürüldüyünü, 744 nəfərin yaralandığını 841 nəfərin qanunsuz həbs edildiyini diqqətə çatdırıb.

Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının bir araya gələrək sovet hərbçilərinin təcavüzünə qarşı birlikdə mübarizə apardıqları qeyd edilib. N.Qurbanova 20 Yanvar faciəsinə ilk siyasi qiymətin Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və onun faciənin növbəti günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycanda vətəndaşların kütləvi öldürülməsinin qanuna, demokratiyaya və insanlığa uyğun olmayan akt olaraq xarici və yerli mətbuat qarşısında kəskin ittiham etdiyini bildirib. Səfir Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsindən sonra onun təşəbbüsü ilə 1994-cü ilin 5 yanvar tarixində faciəyə Milli Məclis tərəfindən hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.

N.Qurbanova Azərbaycan xalqının faciəli gecədə böyük itkilərinə və əzablarına baxmayaraq öz qürurunu və ləyaqətini qoruduğunu, öz müqəddəratına sahib çıxaraq müstəqil dövlət qurduğunu fəxrlə bildirib. Nitqinin sonunda səfir Qara Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə azərbaycanlıların şəhidləri qürurla andıqlarını və Azərbaycan Respublikasının müstəqilliyinin güclənməsi yolunda bir olduqlarını vurğulayıb.

Sonra polşalı jurnalist və rejissor Yeji Lyubax çıxışında Azərbaycanın müstəqilliyə aparan enişli-yoxuşlu yolundan bəhs edərək, Azərbaycan xalqının böyük fədakarlıq nümayiş etdirdiyini və məhz bu fədakarlığın bunu qəbul edə bilməyən sovet rejimi tərəfindən 20 Yanvar faciəsinə gətirib çıxardığını bildirib. Y.Lyubax Polşada da ölkənin müstəqilliyi uğrunda azərbaycanlı igidlərin qəhrəmanlıq nümayiş etdirdiklərini xatırladıb, Polşanın Milli Ordusunda xidmət etmiş polkovnik Vəli bəy Yadigarın xatirəsinin Polşa üçün əziz olduğunu qeyd edib.

Çıxışların ardınca 20 Yanvar faciəsinə həsr edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Filmdən sonra Polşada keçirilən dünyaca tanınmış Frederik Şopen Beynəlxalq Piano Festivalının laureatları Mateuş Kşıjovski və Aqneşka Korpıta tərəfindən fortepianoda Azərbaycan bəstəkarları və F.Şopenin repertuarından ibarət musiqi parçalarının ifası ilə konsert proqramı ifa olunub.

Konsertdən sonra qonaqlar 20 Yanvar faciəsini özündə əks etdirən fotolaradan ibarət sərgi ilə tanış olub və anım süfrəsinə dəvət ediliblər.

Konsertin Polşanın TVP ictimai televiziya kanalı tərəfindən çəkilişi həyata keçirilib, səfir və tədbirdə iştirak edən Seym və Senat üzvlərindən müsahibələr götürülüb.

Səfirliyin önündə 20 Yanvar – Azərbaycanda Hüzn Gününə həsr edilmiş xatirə guşəsi yaradılıb.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed