Şrift:
Tariximizin 20 Yanvar səlnaməsi: Qəhrəmanlıq və şərəf günü
20.01.2022 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tarixə qısa səyahət edək. 1988-ci ilin fevralında Azərbaycanın Qarabağ bölgəsində separatçılıq meylləri baş qaldırmışdı. Moskvanın dəstəyi ilə bu pozuculuq meylləri getdikcə güclənir, Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı təzyiqlər artırdı.

Belə bir vaxtda Azərbaycanın görkəmli ziyalılarının rəhbərlik etdiyi xalq hərəkatı meydana gəldi.

Erməni separatizmi ilə başlanmış etnik münaqişələr və Moskvanın yanlış siyasəti xalqlar dostluğu ideologiyasına söykənən Sovet dövlətini içdən dağıdırdı. Artıq mərkəzdənqaçma meylləri bütün ittifaqa yayılmışdı.

Belə bir vaxtda Mixail Qorbaçovun rəhbərlik etdiyi Sovet dövləti “qamçı siyasəti”nə əl atdı.

Məqsəd parçalanmaqda olan Sovet dövlətini güc yolu ilə qoruyub saxlamaq idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi.

Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları var idi.

32 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi.

Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid oldu, 638 nəfər yaralandı və xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozuldu.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet ordusunun qanlı qrığını Azərbaycan xalqının gözünü qorxutmadı. Yanvarın 22-də “Azadlıq” meydanına çıxan xalqımız şəhidlərini ehtiramla son mənzilə yola saldı.

Bu hadisədən sonra Azərbaycan xalqının Sovet ordusuna, Sovet dövlətinə inamı sarsıldı. Bakıda əli qana batmış Sovet rəhbərliyi imperiyanı qoruyub saxlaya bilmədi.

Cəmi 1 il sonra xalqlar həbsxanası olan SSRİ dağıldı, Azərbaycan müstəqilliyə nail oldu.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed