Şrift:
Fərəc Quliyev: “Nemətin fikirləri o, vaxtkı Xalq Cəbhəsi rəhbərliyinin fikirləri deyildi”
20.01.2022 [11:58] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Jurnalist Xəqani Səfəroğlu facebook hesabında 13 yanvar 1990-cı ildə Azadlıq meydanındakı mitinqdə milli azadlıq hərəkatının öncül isimlərindən sayılan Nemət Pənahlının çıxışının stenoqramından bir parça paylaşıb. Çıxışda Nemət Pənahlı rəsmən Sovet Ordusunu Bakıda qırğına sövq edir. O deyir ki, Şmidt adına zavodda silah istehsalına başlanıb. Milli fədailərdən ibarət silahlı könüllülər yaradılıb və s.

Amma indiyə qədər 20 Yanvar faciəsi günlərində nə silahların hazırlanması, nə də könüllü dəstələrin yaradılması barədə bir fakt belə yoxdur.

AXC rəhbərliyi bu cür provokasiyaların qarşısını almaqda niyə acizlik edib? Görünən odur ki, AXC-nin ovaxtkı rəhbərliyində fikir ayrılığı olub. Radikallar və liberallar qanadları olub ki, onlar arasında ciddi mübahisə yaranıb. Birincilər deyiblər ki, barrikadalar quraq, müqavimət göstərək, ikincilər isə bunun faydasız olduğunu, xalqı qırğına verəcəyini bildiriblər.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, xalq hərəkatının iştirakçılarından olan Fərəc Quliyev də deyir ki, o açıqlamalar qüsurlu idi:

“Orada da, ondan sonra da, bu gün də Nemət Pənahlı çıxışlarında Əbülfəz Elçibəyə qarşı olub. O, sərbəst davranır, meydanda mən nə deyirəmsə o olmalıdır, oturun, durun kimi hərəkətlər edirdi. Doğrudur, o vaxt Xalq Cəbhəsində fraksiyaçılıq var idi. Bunu mədəni şəkildə deyirəm. Əslində bu, bölünmə idi. Liberal və radikal qanadlar fəaliyyət göstərirdi. Bu çağırışlar tamamilə yanlış idi”.

F.Quliyev həmin dövrdə kustar silahların hazırlandığını da bildirdi: “Hər yerdə primitiv silahlar hazırlamaq kimi işlər görülürdü. Amma bunlar rus ordusunu çağırıb onlara qarşı vuruşmaq məqsədilə edilmirdi. Həmin vaxt Qarabağda döyüşlər gedirdi. Sərhəd bölgələrində vəziyyət çox gərgin idi. Ən müxtəlif yerlərdə primitiv silahlar hazırlamaq üçün işlər aparılırdı. Əlimizə keçən silahları İrandan Araz çayı vasitəsilə keçirirdik. Bu məsələlərdə çox çətinliklər çəkirdik. Əlbəttə, meydanda və başqa yerlərdə bu cür çağırışlar etmək anormal məsələlər idi. Gərək düşmənin üstünə gəlməyinə əsas verməyəsən. Əlbəttə, bizim möhtəşəm hazırlığımız, gücümüz olsaydı, rus ordusunun qarşısını alardıq, Bakımızdan qovardıq. Amma bu imkanlar yox idisə, sükut günləri elan edib evlərə çəkilməyin tərəfdarı idim. Amma hesab edirəm ki, Nemətin fikirləri ovaxtkı Xalq Cəbhəsi rəhbərliyinin fikirləri deyildi. Onun özü də bu məsələləri etiraf edib. Razılaşıram ki, belə çağırışlar etmək doğru deyildi”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed