Şrift:
Parisdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib
21.01.2022 [10:05] - Xəbərlər, Siyasət
Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi Parisdə də ehtiramla anılıb. Parisdəki diplomatlarımız şəhərin yaxınlığındakı Sen Klu qəbiristanlığındakı Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri - Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edərək, qəbirləri üzərinə tər çiçəklərdən əklil qoyublar. Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhunu sükutla anıblar.

UNESCO yanında Daimi Nümayəndəliyimizin rəhbəri, səfir Elman Abdullayev qanlı yanvar gecəsində xalqımıza qarşı törədilmiş amansız qırğından danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet təhlükəsizlik qüvvələri Bakı şəhərinə soxularaq, günahsız insanlara atəş açmağa başladılar. Bakı küçələrində başlayan sovet əsgərlərinin vəhşiliyi dinc əhalinin dəhşətli qətliamı, düşünülmüş şok və qorxu siyasəti ilə başa çatır. Ağır silahlanmış sovet qoşunları və tankları yüzlərlə insanın həyatına son qoydu, minlərlə insanı yaraladı, tolerantlığı və müxtəlifliyi ilə tanınan dinc şəhəri yerlə-yeksan etdilər. Xalqımıza qarşı keçirilən misli görünməmiş repressiya saxta sovet vətənpərvərliyinin birdən-birə güclü Azərbaycan milli birliyi hissinə çevrilməsinə təkan verdi. Yetmiş illik sovet hakimiyyəti bir neçə saatda əriyib getdi.

Səfir qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın müstəqilliyə nail olmaq əzmini daha da gücləndirdi. Azərbaycanın belə çətin anlarında ümummilli lider Heydər Əliyev Moskvada keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilmiş qətliama siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etmişdir.

Elman Abdullayev bildirib ki, xalqımız 1990-cı il yanvarın 20-də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini daima ehtiramla yad edir. Bu faciə ölkəmizin müstəqillik yolunun başlanğıcı oldu. 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür.
Bu xəbər oxucular tərəfindən 231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed