Şrift:
Vaşinqtonda 20 Yanvar faciəsi anılıb
21.01.2022 [10:20] - Xəbərlər, Siyasət
Yanvarın 20-də ADA Universitetinin Vaşinqtonda yerləşən mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADA Universiteti və Azərbaycanın müxtəlif bölgələrini təmsil edən, ABŞ-da təlim proqramına qatılmış müəllim heyəti, səfirlik əməkdaşları, Azərbaycan icmasının üzvləri və ABŞ ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım tədbirində 20 Yanvar faciəsinin qurbanları üçün şam yandırılıb və onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Qalib Məmməd 1990-cı ilin 20 Yanvar tarixinin yaddaşlarımızdan heç zaman silinməyəcəyini vurğulayıb, həmin gün həyatlarını qurban verən həmvətənlərimizin müstəqil Azərbaycanın qurulmasında əvəzsiz rolu olmasından bəhs edib.

Səfir Xəzər İbrahim çıxış edərək 20 Yanvar tarixinin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını, bu hadisələrinin qan yaddaşımız olmaqla yanaşı, Azərbaycan xalqı üçün qürur günü kimi qaldığını diqqətə çatdırıb. Səfir 1990-cı ilin 20 Yanvar faciəsi barədə həmin dövrdə ABŞ-ın “The New York Times” və “The Washington Post” kimi nüfuzlu mətbu orqanlarında dərc olunmuş məqalələrin ABŞ Konqresinin kitabxanasından və arxivlərindən toplanaraq çap edilməsindən bəhs edib və onun yenidən nəşr olunmuş versiyasını təqdim edib.

Anım tədbirində ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri, 20 Yanvar hadisələri zamanı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli xidmətləri olan Həbib Azərsina və Abol Bahadori öz xatirələrini bölüşüblər.

Daha sonra ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində ABŞ-da səfərdə olan Azərbaycan müəllimləri 20 Yanvar hadisələrindən bəhs edərək, həmin günləri dərin hüznlə xatırladıqlarını, onu hər zaman yaddaşlarda yaşadacaqlarını bildiriblər.

Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed