Şrift:
Qubada 2 min metrdən artıq torpaq kanal beton üzlüyə alınıb
26.01.2022 [11:04] - Gündəm, Sosial
Ötən il Quba rayonu ərazisində 2 min metrdən artıq torpaq kanal beton üzlüyə alınıb. Bununla da min hektar sahənin vaxtında və itkisiz suvarılması təmin olunub.

Quba Suvarma Sistemləri İdarəsinin mühəndisi Samir Məmmədhüseynov bildirib ki, ölkəmizin ən iri meyvəçilik rayonlarından olan Qubada bol məhsul götürmək üçün suvarma suyuna böyük ehtiyac var. Uzun illər sahələri suvarmaq üçün təsərrüfat sahibləri torpaq arxlarla su aparmalı olurdular ki, bu da həm vaxt, həm də su itkisinə gətirib çıxarırdı.

Hazırda idarə tərəfindən yeni suvarma mövsümünə hazırlıq işləri görülür. Bu məqsədlə torpaq məcralı kanallar lil və kol-kosdan təmizlənir. Ümumilikdə isə ötən il suvarma şəbəkələrində 230 kilometr uzunluğunda təmir-təmizləmə işləri görülüb. Bununla yanaşı, rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək, çay məcraları təmizlənib, sahilqoruyucu və su istiqamətləndirici torpaq bəndlər qurulub.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində ötən il Quba rayonunda torpaq mülkiyyətçilərinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 10 ədəd subartezian quyusu istifadəyə verilib. Bununla da rayonda son illər istifadəyə verilən subartezian quyularının sayı 58-ə çatdırılıb. Daha 3 ədəd subartezian quyusunun 2022-ci ilin 1-ci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.

Quba rayonunda 26 min 33 hektar suvarılan sahə mövcuddur.
Bu xəbər oxucular tərəfindən 237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed