Şrift:
Parisdə gənc rəssam Fərhad Fərzəlinin sərgisi açılıb
02.02.2022 [10:13] - Gündəm, Mədəniyyət
Parisdə “Galerie DİX9” qalereyasında gənc rəssam Fərhad Fərzəlinin “Tiger is tiger is a tiger is a tiger” adlı sərgisinin açılışı olub.

Çin təqvimində fevralın 1-də başlayan yeni ilin simvolik heyvanı, eləcə də Azərbaycan mədəniyyətində obrazlılığın rəmzi olan pələngin adını daşıyan sərginin açılışında UNESCO yanında daimi nümayəndəmiz, səfir Elman Abdullayev, daimi nümayəndəliyimizin diplomatları, yerli sənətsevərlər, media nümayəndələri iştirak ediblər.

Adət-ənənələrin, ritualların kaleydoskopuna çevrilmiş Bakı rəssam Fərhad Fərzəlinin antropoloji tədqiqatlarını zənginləşdirib, onu ölkəsinin müxtəlif mədəniyyət köklərini araşdırmağa sövq edib. Beləliklə, gənc rəssam araşdırmaları ilə pələngin müstəqil Azərbaycan kimliyinin rəmzi olduğunu bir daha təsdiqləyib və yaradıcılığını pələng obrazı ətrafında qurub.

Fərhad Fərzəlinin Fransada ilk sərgisinin kuratorları Azad Asifoviç və Əsli Səmədova birlikdə “Galerie DİX9” üçün orijinal layihə hazırlayıblar. Ənənəvi mədəniyyəti, xalq estetikasını və keçmiş sovet geosiyasi vəziyyətinin təhlilini bir araya gətirən gənc rəssam pələng obrazı ətrafında postsovet folklorunun kataloqlaşdırılmış formasını, eləcə də Azərbaycanın bütpərəst keçmişini və qalib ovçuluğu təmsil edən Mesopotamiya ilahi atributunu təcəssüm edir. Bəzi İslam ənənələrində mələk müjdəçisi hesab olunan pələng müasir dövrdə kişi gücünün rəmzi kimi qəbul olunur. Pələnglə bağlı anaxronistik əks-sədalar Fərhad Fərzəli yaradıcılığının, onun pələng obrazına bağlılığının əsasını təşkil edir. Rəssam bu rəmzin dəyərini öyrənmək üçün kodları və mövcud istinadları bir araya gətirib.

Sərgidə nümayiş olunan tablolarda pələng başının üz ifadələri sistematik bir ruhda dəyişir və pələngi onun çevik və dəyişkən obrazı ilə əlaqələndirir. Qədim miniatür stili və cizgi filmi antropomorfizmindən ilhamlanaraq çəkilmiş pələng başları təxəyyülü uzlaşdırmağa meylliliyi əks etdirir.

Sərgidə nümayiş olunan pələng fiqurları qadınların geyindiyi pələng naxışlı paltarlardan hazırlanıb. Sanki rəssam qadınların pələngdən götürdüyü geyimi yenidən pələngin özünə qaytarmağa çalışır.

Qeyd edək ki, gənc rəssamın əsərləri bir çox milli və beynəlxalq səviyyədə təşkil edilmiş fərdi və kollektiv sərgilərdə nümayiş olunub.

Sərgi fevralın 27-dək ziyarətçilərə açıq olacaq.
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed