Şrift:
Niderland qəzetində Azərbaycan mirvarisi - Şuşaya həsr edilmiş məqalə yayımlanıb
08.02.2022 [10:11] - Gündəm, Mədəniyyət
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib. Qafqazın Konservatoriyası və Azərbaycan mədəniyyətinin beşiyi kimi tanınan, əsası 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin 270 ili tamam olur. Azərbaycanın tarixi Qarabağ bölgəsində, 1400–1800 metr hündürlükdə yerləşən Şuşa özünəməxsus gözəlliyi, təbiəti, qədim abidələri, bulaqları, Qarabağın “Xarıbülbül” (Ophrys caucasica) adlı endemik çiçəyi və nadir Qarabağ atları ilə tanınır.

Bu fikirlər Niderlandın “The Holland Times” adlı qəzetində dərc edilmiş “Şuşa - Azərbaycanın mirvarisi” adlı məqalədə yer alıb.

Məqalədə Azərbaycana və dünyaya bir çox tarixi şəxsiyyətlər bəxş edən Şuşa musiqi və poeziya şəhəri kimi qiymətləndirilir. Bildirilib ki, Şuşa Azərbaycan poeziyasında realizm janrının banisi, diplomat, Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif, artilleriya generalı və Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri Səməd bəy Mehmandarov, məşhur bəstəkar və Şərq dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəyli, dramaturq və satirik, Azərbaycanda Teatr Yazıçıları Cəmiyyətinin yaradıcısı Əbdürrəhim bəy Haqverdiyev, məşhur opera tenoru, xalq musiqisinin ifaçısı, Azərbaycanda vokal sənətinin və milli musiqili teatrın banilərindən biri olan Bülbül, Şərq dünyasında ilk baletin musiqisi və librettosunun müəllifi Əfrasiyab Bədəlbəyli və nəhayət, sonuncu Qarabağ xanının qızı, Azərbaycan şairi və xeyriyyəçisi Xurşidbanu Natəvan kimi Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərinin vətənidir.

Şuşanın tarixindən söz açılan məqalədə şəhərin adının mənası haqqında məlumat verilib. Qeyd edilib ki, şəhər əvvəlcə qurucusunun adı ilə “Pənahabad”, daha sonra “Şuşa” adlandırılmışdır. Bu gün Şuşa şəhərinin adının mənşəyi və mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin xalq rəvayətinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğundan “Şuşa” (“şüşə”) adlandırılmışdır. Tarix boyu çox çətinliklərlə üzləşmiş Şuşa şəhərinin, eləcə də bütün Qarabağın mədəni-maarif və humanitar həyatının qurulmasında Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın xüsusi rolu vurğulanıb. Xurşidbanu Natəvanın 19-cu əsrin ən dəyərli musiqişünaslarından olduğu, xalqın maariflənməsinə, ədəbiyyatın inkişafına, Şuşanın abadlaşmasına töhfələr verməsindən yazılıb.

Diqqətə çatdırılıb ki, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilib. Şuşa “Kiçik Paris”, “Qafqaz incəsənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziya konservatoriyası” adlandırılıb.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed