Şrift:
Martın əvvəlində Avstriyada pandemiya ilə bağlı məhdudiyyətlərin böyük qismi ləğv olunacaq
17.02.2022 [09:53] - Gündəm, Sosial
Martın 5-dən etibarən Avstriyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin əksəriyyəti ləğv ediləcək.

Bu barədə qərar hökumət, əyalət qubernatorları və sosial tərəfdaşların birgə iclasında verilib. Federal Kansler Karl Nehammer bildirib ki, həm tarixdən etibarən müxtəlif məkanlara giriş üçün tələb olunan “yaşıl pasport“ və digər qaydalar aradan qaldırılacaq. Məhdudiyyətlərin ləğvi əsasən qastronomiya, turizm və asudə vaxtın təşkili məkanları üçün keçərli olacaq. Yaxın günlərdə yeni qaydalara dair detallar elan olunacaq. Paytaxt Vyana şəhərinin yeni qaydaların tətbiqində ümumölkə xəttinə qoşulacağı və ya fərdi şəkildə başqa qaydalar tətbiq olunacağı sualına aydınlıq gətirilməyib.

Səhiyyə naziri Volfqanq Mükştayn isə bildirib ki, məhdudiyyətlərin ləğvi həssas sahələrə (xəstəxanalar, ahıllar evləri, reabilitasiya mərkəzləri və s.) şamil olunmayacaq.

Həmçinin qeyd edilib ki, yumşaldılmalar vaksinasiya kampaniyasının və eləcə də icbari peyvəndləmənin əhəmiyyətini azaltmır. Səhiyyə naziri bir daha vurğulayıb ki, vaksinasiya pandemiyadan xilas olmaq üçün əsas vasitə olaraq qalır və yay aylarında ölkədə kampaniya geniş şəkildə həyata keçirilməlidir. Bununla da payız aylarında yeni virus variantlarının yaranması və ümumi yoluxmaların baş verməsinin qarşısı alına bilər.
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed