Şrift:
Milli Kitabxanada kitabxanaşünas alimə həsr olunmuş virtual sərgi hazırlanıb
18.02.2022 [10:40] - Xəbərlər, Mədəniyyət
Bu gün Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycanın tanınmış kitabxanaşünas alimi Mehmanəli Məmmədovun anadan olmasının 65 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Kitabxanaşünas alim – Mehmanəli Məmmədov” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, kitabxanaşünas alimin müəllifi, rəyçi olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələri nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Mehmaneli_Memmedov/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Mehmanəli Məmmədov 1984-1986-cı illərdə Azərittifaqın “Azkoopkitab ticarət birliyi”ndə əmtəəşünas və baş əmtəəşünas vəzifələrində işləyib. 1987-ci ildən BDU-nun Kitabxanaşünaslıq kafedrasında baş laborant və laboratoriya müdiri, 1993-cü ildə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

M.Məmmədovun əsas tədqiqat obyekti Respublika kitabxanalarının beynəlxalq əlaqələri, elmi texniki kitabxanalarda mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili, fondun komplektləşdirilməsi, onun tematik-tipoloji tərkibinin öyrənilməsi, optimallaşdırılması və digər problemlərdir. 1990-1994-cü illərdə BDU-nun Kitabxanaşünaslıq kafedrasının qiyabi aspirantı olub, 2000-ci ildə “Azərbaycan Respublikası kitabxanalarında kitabxanalararası abonement sistemi” mövzusunda dissertasiya işini Əməkdar elm xadimi, tarix elmləri doktoru professor Abuzər Xələfovun rəhbərliyi ilə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2003-cü ildən Kitabxanaşünaslıq kafedrasının dosentidir. “Kitabxana işinin təşkili və idarə edilməsi”, “Kitabxanaların elmi metodik təminatı”, “Kitabxana işinin iqtisadiyyatı”, “Texniki kitabxanalarda mütəxəssislərə kitabxana-informasiya xidmətinin təşkili” və s. fənləri tədris edir. “Respublika Elmi Texniki kitabxanasında KAA təşkili”, “Kitab çeşidi işinin nəzəriyyəsi və metodikası”, “Elmi-texniki kitabxana şəbəkələrində mütəxəssislərə kitabxana informasiya xidməti”, “Sənəd-informasiya daşıyıcıları”, “Kitabxana-informasiya fəaliyyətinin menecmenti və marketinqi”, “Azərbaycanda texniki kitabxanaların inkişafı” və s. adlı monoqrafiya və dərs vəsaitinin, 100-dən çox elmi məqalənin müəllifidir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Mehmanəli Məmmədovu elmi-pedaqoji və yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2009-cu və 2012-ci illərdə Fəxri fərmanla təltif edib.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed