Şrift:
Avstraliyanın “ABC Classic” radio kanalı Azərbaycan musiqisi haqda xüsusi proqramlar yayımlayıb
24.02.2022 [10:04] - Gündəm, Mədəniyyət
Fevralın 22-də və 23-də Avstraliyanın tanınmış “ABC Classic” radio kanalı Azərbaycan klassik musiqisinə, xüsusilə muğam və xalq mahnılarına həsr olunmuş geniş proqram yayımlayıb.

Hər biri təqribən bir saat davam edən proqram çərçivəsində aparıcılar Vanessa Hughes və Stefani Kabanyana paytaxt Bakının qədim və müasir memarlıq ənənələri, zəngin tarixi, YUNESKO-nun siyahısına salınmış İçəri Şəhər, Şirvanşahlar Sarayı və Qız Qalası da daxil olmaqla mədəniyyət abidələri, dünyaca məşhur memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi, ölkənin neft və qaz ehtiyatlarını əks etdirən “Alov Qüllələri” göydələnləri və xalça bükümünə bənzəyən Milli Xalça Muzeyi barədə məlumat veriblər.

Ənənəvi milli irsdən və Qərb təsirindən faydalanan klassik Azərbaycan musiqisinin mükəmməlliyi tərənnüm edilərək bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Cabbar Qaryağdıoğlu, Firəngiz Əlizadə, Xədicə Zeynalovanın bəstə və ifalarından geniş bəhs olunub, musiqi nömrələrinə yer verilib.

Verilişlərdə, həmçinin Azərbaycanın milli musiqi alətlərindən də danışılıb, Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsinin 1977-ci ildə süni peyklə kosmosa göndərilməsi, muğamın YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə məlumat verilib.

Həmçinin, Azərbaycanın dahi şairi Nizami Gəncəvi haqqında məlumat verilərək onun “Yeddi gözəl” poemasından parçalar dinləyicilərə təqdim olunub.

Verilişdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından ilham alan erməni əsilli amerikalı soprano Keyti Berbeyanın Gülçöhrənin ariyasını Azərbaycan dilində ifası da səslənib.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed