Şrift:
Ankarada “Xocalıdan 44 günlük savaşa” mövzusunda konfrans təşkil olunub
25.02.2022 [10:31] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanasında Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilən “Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və alınan dərslər - Xocalıdan 44 günlük savaşa” mövzusunda konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Türkiyə Prezident Administrasiyasının Milliyyət Kitabxanası tərəfindən birgə təşkil olunan tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatlar, hüquqşünaslar və digər sahələri təmsil edən tanınmış alimlər iştirak ediblər.

Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Açılışda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın çıxışları dinlənilib.

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs edən səfir Rəşad Məmmədov təəssüflə vurğulayıb ki, faşizm ideologiyası ilə yaşayan ermənilər öz bəşəri cinayətlərindən deyil saxta “erməni soyqırımı” nağılından danışırlar. Səfir vurğulayıb ki, bugünkü tədbir anım mərasimi olaraq deyil, konfrans olaraq təşkil edilib. Məqsəd Xocalı soyqırımının hüquqi dəyərləndirilməsi ilə bağlı Türkiyə elm adamları tərəfindən araşdırmaların aparılmasının təşviq edilməsi və bununla da, Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması fəaliyyətinə töhfə verməkdir.

Çıxışında Ermənistanın təcavüzkar siyasətinin ayrı-ayrı istiqamətlərini xatırladan professor Aygün Attar diqqətə çatdırıb ki, hədəf Xocalıya ədalətə nail olmaqdır.

Sonra mərasim panel müzakirə ilə davam edib. Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərov, Türkiyə Böyük Millət Məclisinin deputatı Zeynəb Yıldız, professor Emre Öktem, dosent Cavid Abdullahzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliyin məqsədli şəkildə törədilən bəşəri cinayət, soyqırımı aktı olduğunu beynəlxalq hüquq prinsiplərindən əsaslandırıblar. Diqqətə çatdırılıb ki, beynəlxalq hüquq Xocalıda törədilənlərin soyqırımı olduğunu təsdiq edir.

Professor Emre Öktem Xocalı soyqırımının canlı şahidlərinin və həlak olanların yaxınlarının beynəlxalq məhkəmələrə fərdi müraciət etməsinin effektiv ola biləcəyini qeyd edib.

Beynəlxalq hüquqda soyqırımı anlayışının ətraflı izahını verən dosent Cavid Abdullahzadə cinayət məsuliyyətindən bəhs edərək kimliyindən asılı olmayaraq soyqırımı törədilməsində iştirakı olan hər kəsin cəzalandırılmalı olduğunun beynəlxalq hüquqda əksini tapdığını bildirib.

Azərbaycan Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç və başqaları paneldəki çıxışlar əsasında fikir və mülahizələrini bölüşüblər.

Bütün çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin regionda yaratdığı yeni geosiyasi vəziyyətə toxunulub. Diqqətə çatdırılıb ki, qazanılan Qələbə Xocalı soyqırımının bütün məqamları ilə dünya birliyinə olduğu kimi çatdırılması üçün yeni imkanlar yaradıb.

İnamla ifadə olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb uğurla davam etdirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası böyük nəticələr verəcəkdir.

Mərasimdən sonra Xocalı soyqırımı həqiqətlərinə aid sərgi ilə tanışlıq olub.
Bu xəbər oxucular tərəfindən 4932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed