Şrift:
Xamneyinin müşaviri Rusiyanın Ukraynadakı işğalçı siyasətini dəstəklədi
02.03.2022 [09:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kazım Calali Rusiyanın Qərblə qarşıdurma bəhanəsi ilə Ukraynaya hərbi müdaxiləsinə İranın müxtəlif rəsmilərinin dəstəyini davam etdirib.

O, Rusiya ilə yaxınlığın zəruriliyini vurğulayıb və NATO-nun genişlənməsinin İranın milli çaraqlarına zidd olduğunu deyib.

Fevralın 28-də “İran-Rusiya münasibətləri yeni regional inkişaflar işığında” adlı virtual konfransda o, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dolayısı ilə dəstəkləyib.

"Biz və ruslar NATO-nun sərhədlərimizə qədər genişlənməsini öz maraqlarımıza uyğun görmürük.

“İran Rusiyanın böyük bazarında özünün qazancını nəzərə almalıdır. İranın hazırkı hökuməti qonşu ölkələrlə əlaqələrini genişləndirməyə çalışdığı bir vaxtda Rusiya xüsusi əhəmiyyət və öncüllük daşıyır”-deyə, Calali bildirib.

Bu arada Əli Xamneyinin köməkçisi və müşaviri general-mayor Yəhya Səfəvi “2050-ci ildə böyük dəyişiklik” kitabına istinad edərək dünyada ciddi dəyişikliklərin olacağını söyləyib.

“Qərbdən Şərqə hakimiyyətin ötürülməsi baş verir, İran isə Avrasiya İttifaqına qoşulmaqla bu Asiya gücünə şərik ola və Asiyanın güclərindən birinə çevrilə bilər”-deyə, Səfəvi bildirib.

Qeyd edək ki, son günlər başda ali rəhbəri Əli Xamneyi və prezident İbrahim Rəisi İran Ukraynadakı mövcud vəziyyətə, Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb. İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Fevralın 24-də İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Rusiyanın hücumunun məsuliyyətini Amerika və NATO-nun “qıcıqlandırıcı” siyasətləri ilə əlaqələndirib və bunu “gərginlik”, “iğtişaş” kimi qələmə veriblər.

İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.
Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed