Şrift:
İşğalçılar Zəngilanda günəbaxan plantasiyaları salıb.
08.01.2013 [12:33] - Sosial
Araz çayı boyu əkin sahələrində becərilən günəbaxandan istehsal olunan yağ Ermənistana satılacaq; erməni iş adamları Qarabağın boş qalmış əkin sahələrində taxıl istehsalını genişləndirməyi təklif edir

Erməni işğalçıları Azərbaycanın zəbt olunmuş ərazilərində günəbaxan plantasiyaları salıb və orada istehsal edilən günəbaxandan əldə edilən yağı Ermənistana satmaq üçün hazırlıqlar gedir. Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz iqtisadi fəaliyyəti ilə bağlı yeni xəbərlərdə deyilir ki, Zəngilan rayonunda salınmış günəbaxan plantasiyalarından bu il əldə edilmiş məhsul Ağdərədə açılmış yeni bitki yağı zavodunda emal edilir.

Yağ zavodu Norayr Stepanyan adlı erməniyə məxsusdur, o, “Reypsid” adlı müəssisə yaradıb və bu il ərzində 700-750 ton həcmində günəbaxan yağı istehsal etməyi planlaşdırır. Zavodun layihə gücü ildə min tondur. Bildirilir ki, həcm elə də böyük olmasa da erməni sahibkar istehsal etdiyi yağı Ermənistan bazarına çıxarmaq niyyətindədir. Xəbərə görə, Ağdərədə buraxılan “Qızıl damla” markalı günəbaxan yağı artıq İrəvanda, keçmiş prezident Robert Köçəryana məxsus “Star” supermarketlər şəbəkəsində satışa çıxarılıb. Zavoda xammal Zəngilan rayonunda salınmış günəbaxan plantasiyalarından daşınır, məlumata görə, rayonun Araz çayı boyu ərazilərində geniş günəbaxan sahələri becərilir. Ötən il həmin sahələrdən 2 min tondan çox günəbaxan tumu tədarük edilib.

Ermənistanın yerli mallar istehsalçıları İttifaqının sədri Vazgen Səfəryan isə deyir ki, Qarabağın əksəriyyəti istifadəsiz qalan münbit əkin sahələrindən istifadə genişləndirilməlidir: “Qarabağda böyük ərazilər boş qalıb, biz orada taxıl becərə və onun hesabına Ermənistanı taxıl idxalından azad edə bilərik. Ermənistan xaricdən ildə 400-500 min ton taxıl idxal edir, biz bunun bir hissəsini Qarabağda taxıl becərməklə əldə etməliyik”.

Səfəryanın sözlərinə görə, Ermənistan Qarabağın boş qalmış əkin sahələrindən istifadənin genişləndirilməsi ilə bağlı planı var və bu il ərzində həmin planın bir hissəsini həyata keçirmək nəzərdə tutulur. O deyib ki, indiyədək Ermənistan əsas diqqəti Qarabağda faydalı yeraltı qazıntıların hasilatına yönəldib, ancaq münbit əkin sahələrindən istifadənin böyük iqtisadi potensialı var və bundan istifadə edilməlidir.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 999 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed