Şrift:
Rusiyalı ekspertdən ilginc açıqlama
08.01.2013 [13:44] - Siyasət
Aleksandr Skakov: “Azərbaycan Qarabağda müharibəyə başlamağa prinsipial qərar verib”

Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Aleksandr Skakov Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarmaq üçün Qarabağda hərbi əməliyyatlara başlamağa “prinsipial qərar verdiyini” iddia edir.

O, “Regnum” saytına Cənubi Qafqazdakı ümumi situasiyanı şərh edərkən deyib ki, Ermənistanın vəziyyəti onun xarici amillərdən asılılığı üzündən ağırlaşır. Skakov bura Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlər, İrana hücum, eyni zamanda İranın və ya digər oyunçulardan birinin Azərbaycanda stabilliyi pozması ehtimalı, Gürcüstanda daxili siyasi qeyri-stabillik, Türkiyənin gələcəyi və erməni-türk barışığının perspektivi, gələcək erməni-rus münasibətləri, Ermənistanın “Avropa seçimi” perspektivini daxil edib.

Ekspertin fikrincə, mövcud vəziyyət belə düşünməyə əsas verir ki, sanki Ermənistan rəhbərliyi regionda yaranan çətinlikləri aydın dərk etmir və daha çox özünün gələcək siyasi “sağ qalma perspektivi”ndən narahatdır. Skakov Ermənistanın “erməni soyqırımı”, Dağlıq Qarabağ, Ermənistan -Türkiyə məsələlərində ciddi nailiyyət əldə etmədiyini vurğulayıb: “Elə təəssürat yaranır ki, Ermənistanın Avropa Birliyi ilə əlaqələrində bəzi irəliləyişlər var. Düşünmək olar ki, bu irəliləyişlər xəyalidir. Brüssel istəyir ki, Ermənistanı Rusiyadan maksimal dərəcədə qoparsın, ittifaq zəncirlərini zəiflətsin, qarşılıqlı etibarsızlıq toxumları əkmək və bununla da Rusiyanın Zaqafqaziyada təsirlərini azaltsın. Lakin belə bir sual yaranır. Əgər Rusiya regiondan tamamilə getsə, onun yerinə kim gələcək?”

Skakova görə, Brüsselin bu regionla bağlı bugünkü gündə elə bir marağı yoxdur. Avropa İttifaqının Ermənistana əsl münasibətinə gəlincə isə Skakov Ramil Səfərov məsələsində bunun bir daha nümayiş olunduğunu xatırladıb.

Rusiyalı ekspertin qənaətincə bu gün heç kim İsrailin İrana hücum niyyətinə, eləcə də Azərbaycanın Dağlıq Qarabağa hücum planına təsir edə bilməz: “Hərçənd ki, elə düşünürlər ki, Minsk Qrupu və digər dünya oyunçuları öz istəklərinə uyğun olaraq nəinki Bakıya, eləcə də Qarabağ danışıqlar prosesinin bütün tərəflərinə gerçəkdən təsir edə bilərlər”.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində heç bir irəliləyiş əldə edilmədiyini qeyd edən ekspert hesab edir ki, münaqişə tərəflərinə beynəlxalq təzyiq açıq-aydın azdır. İrana hücum olunacağı təqdirdə regionda yarana biləcək situasiyanı şərh edən ekspert bildirib ki, regiondakı ümumi qeyri-stabillik Dağlıq Qarabağa hücum etmək üçün Azərbaycana əla imkan verəcək: “Əgər o bu imkandan istifadə etməsə, bu, məntiqsiz qərar olardı. Bəzi qiymətləndirmələrə görə, belə bir hücumla bağlı Bakı artıq prinsipial qərar qəbul edib. Məsələ sadəcə onun tarixindədi. Əbəs yerə deyil ki, Bakı bütün dünya mərkəzlərini fəal şəkildə inandırır ki, Rusiya heç vaxt potensial olaraq mümkün erməni-Azərbaycan münaqişəsinə qarışmayacaq”.

Qeyd edək ki, Azərbaycanın Qarabağda hərbi əməliyyatlara hazırlaşdığı barədə rusiyalı və digər xarici ekspertlərin bu cür şərhlərlə çıxış etməsi yeni deyil. Bununla belə, qeyd etmək lazımdır ki, Bakının müharibəyə başlamaq üçün ABŞ və ya İsrailin İrana müdaxiləsini gözlədiyi barədə versiya məhz Rusiyanın ekspert çevrələrində, habelə hərbi dairələrində fəal müzakirə olunur. Rusiya silahlı qüvvələrinin Baş Qərargahının hazırladığı planda da məhz bu versiya yer almışdı. Ötən il Rusiya mətbuatı həmin planın bəzi detallarını açaraq yazmışdı ki, Baş Qərargahın generallarının hesablamalarına görə, ABŞ və ya İsrail İrana müdaxilə etsə, Azərbaycan bundan fürsət kimi istifadə edib Qarabağda hərbi əməliyyatlara başlayacaq. Rusiya isə bu variantda regiondakı müttəfiqi Ermənistanı qorumaq üçün cavab tədbirləri görəcək, bu tədbirlərə Azərbaycana hərbi müdaxilə də daxil idi.

O da qeyd olunmalıdır ki, ötən ilin yayından etibarən Rusiya Dağıstanın Azərbaycanla sərhəd ərazilərinə böyük miqdarda hərbi qüvvə cəmləyib. Bu qüvvələrin hansı məqsədlərlə cəmləndiyinə dair federal rəsmilər heç bir izahat vermir, rusiyalı ekspertlər isə hesab edirlər ki, söhbət İrana müdaxilə və bununla eyni vaxtda Qarabağda Azərbaycanın başlaya biləcəyi hərbi əməliyyatlar zamanı yaranacaq situasiyaya hazırlıqdan gedir.

A.Skakovun müsahibəsinə elə “Regnum” saytında keçmiş rusiyalı həmsədr Vladimir Kazimirov şərh verib və onun fikrincə, Bakının Qarabağda sürətli hərbi əməliyyatlar yolu ilə torpaqları geri qaytarmağa imkanı məhduddur. Kazimirova görə, Skakovun şərhlərində ziddiyyətlər var: “Bir tərəfdən o hesab edir ki, müharibə qaçılmazdır, o biri tərəfdən deyir ki, münaqişəyə diqqəti artırmaq və onun həllinə nail olmaq lazımdır”.

Həmişə ermənilərin mövqeyindən çıxış edən keçmiş rusiyalı həmsədrə görə, hazırda Qarabağ münaqişəsi tərəflərinin mövqeləri arasında doğrudan da uçurum var, ancaq müharibənin başlamasının mümkünlüyü bu uçurumu daha da dərinləşdirir. Kazimirova görə, Bakının hərbi xərcləri və potensialı doğrudan da böyükdür. Ancaq onun fikrincə, 1991-1994-cü illərdəki hərbi kampaniyadakı uğursuzluqlar hələ uzun müddət Azərbaycan rəhbərliyini qorxudacaq. Keçmiş rusiyalı həmsədrə görə əslində həmin illərdə də Bakının hərbi imkanları Ermənistanın imkanlarından dəfələrlə böyük idi. Buna baxmayaraq, Azərbaycan çox böyük əraziləri itirməli oldu.

Onun fikrincə, əgər hərbi əməliyyatlar yenidən başlasa Azərbaycanın Qarabağda ermənilərin möhkəmləndirilmiş müdafiə mövqelərini keçməsi asan olmayacaq. Bunun üçün xeyli vaxt və itkilər tələb olunur. Digər tərəfdən, erməni mövqelərinin çoxu yüksəkliklərdə yerləşir və onları almaq əlavə çətinliklər deməkdir. “Ona görə də Bakı Qarabağda sürətli hərbi əməliyyatlara-blitskriqə ümid edə bilməz, müharibənin uzanması üçün fəal beynəlxalq müdaxiləyə səbəb olacaq”, - deyə o bildirir. Kazimirov hesab edir ki, beynəlxalq müdaxilə Azərbaycanın xeyrinə olmayacaq. Minsk Qrupunun missiyası dayanacaq, Rusiya, Fransa, ABŞ hərbi əməliyyatların dayandırılmasını tələb edəcək. Onun fikrincə, bu zaman Moskvanın daha sərt tonda çıxış etməsi qaçılmaz olacaq.

Kazimirov bir sıra bu cür arqumentlər sadalayandan sonra belə qənaətə gəlir ki, Bakın hərbi əməliyyatlara başlamaqdan çəkindirən tutarlı səbəblər var. Keçmiş rusiyalı həmsədrə görə, A.Skakovun Rusiyanın münaqişəyə qarışmayacağına dair fikirləri qeyri-korrektdir. Çünki bu cür məsələlər ekspertlər səviyyəsində yox, Baş Qərargahda həll olunur. Bununla belə, keçmiş həmsədr hesab edir ki. Skakovun mümkün müharibəni əngəlləmək üçün Qarabağ münaqişəsinə diqqətin artırılmasının vacibliyi barədə qənaətini bölüşür. Onun sözlərinə görə, həmsədr ölkələr aydın şəkildə mesaj verməlidir ki, məsələnin hərbi yolla həlli mümkün deyil və buna imkan verilməyəcək.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed